Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Hesab.az” portalının loqosu dəyişəcək


“GoldenPay” Milli ödəniş sistemi “Hesab.az” portalının rebrendinqi üzrə kompleks tədbirlər həyata keçirməyə başlayır. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə “GoldenPay” şirkətinin direktoru Fərid İsmayılzadə bildirib. Onun sözlərinə görə, “GoldenPay” şirkəti layihəni daha maraqlı, effektiv və aktual etmək üçün onu yeniləməyi planlaşdırıb. Rebrendinqin həyata keçirilməsi üzrə işlər, Azərbaycanda həyata keçirilən bir sıra uğurlu layihə və kreativ ideyaları ilə tanınan “Jeyhun Imanov Studio” (JIS) şirkətinə həvalə edilib.

“JIS” şirkəti ödəniş sisteminin yeni loqosunun işlənib hazırlanması, portalın interfeysinin yenilənməsi ilə məşğul olacaq, bu da portalın istifadəçilər üçün daha rahat olmasını təmin edəcək. Layihə çərçivəsində portalın tanınması və yeni istifadəçilərin cəlb edilməsi üçün yeni aksiyaların, maraqlı oyunların  təşkili və digər kreativ ideyaların həyata keçirilməsi nəzərdə tutulub. “JIS”-in yaradıcı rəhbəri Ceyhun İmanovun sözlərinə görə, “GoldenPay” layihəsi studiya üçün xüsusi  maraq kəsb edir.

"Biz “GoldenPay” şirkətinin portalın inkişafı üzrə gələcək planları ilə diqqətlə tanış olmuşuq və əminik ki, o, “AzNET”-də “Facebook” sosial şəbəkəsi və “ebay.com” elektron kommersiya portalı qədər tanınacaq və böyük marağa səbəb olacaq", - deyə Ceyhun İmanov qeyd edib.
Rebrendinq üzrə layihəni dekabrın əvvəlinədək başa çatdırmaq planlaşdırılıb və bundan sonra layihə öz yeni imicini əldə edəcək.

  “GoldenPay” şirkətinin direktoru Fərid İsmayılzadənin sözlərinə görə, öncə şirkət daha çox layihənin texnoloji tərkibinin təkmilləşdirilməsinə və ödənişləri qəbul edən yeni operatorların cəlb edilməsinə diqqət yetirirdi və bu arada brend-menecmentə lazımi diqqət yetirilmirdi.

"Məhz buna görə biz layihənin bu sahəsinə nəzər yetirməyi qərara aldıq, bununla bağlı olaraq da rebrendinqin həyata keçirilməsinə kreativ ideyalar üzrə peşəkarları cəlb etdik. Yaxın iki ayda istifadəçilərə layihənin yeni görünüşü təqdim ediləcək", - deyə Fərid İsmayılzadə bildirib.

Yenilənmiş “Hesab.az”, istifadəçilərə elektron kommersiya portalı kimi təqdim ediləcək və onun göstərdiyi xidmətlərin sayı yaxın zamanda genişləndiriləcək.

Portal, vahid pəncərəyə çevriləcək və burada istifadəçilər kommunal xidmətləri, internet, telefon və televiziya xidmətləri üzrə ödənişləri həyata keçirəcəklər.

Yaxın zamanda portal vasitəsi ilə “ebay.com” prinsipinə uyğun olaraq mallar və xidmətlər, o cümlədən turistik, təyyarə, qatar biletlərini, əyləncə mərkəzlərinə, mədəniyyət ocaqlarına və s. biletləri almaq və satmaq olacaq.

Ödənişləri “Visa” və “MasterCard” kartları ilə yanaşı, “hesab.az” portalında qeydiyyatdan keçərək “elektron pul kisəsi” hesabı açaraq həyata keçirmək mümkün olacaq. “Elektron pul kisəsi”nin hesabını banklar, poçt şəbəkəsi və ya “Paypoint” terminalları vasitəsi ilə doldurmaq mümkün olacaq.

Gələcəkdə “GoldenPay” şirkəti, banklardan birinin köməyi ilə, xüsusi “Hesab.az” kartlarını buraxmağı planlaşdırır. Bu kartlar vasitəsi ilə bonus əldə etməklə ödəniş həyata keçirmək və istənilən bankda hesabı doldurmaq mümkün olacaq.
 
Qeyd edək ki, “GoldenPay” Azərbaycanda ilk təhlükəsiz internet ödəniş sistemi olaraq, 150-dən çox Azərbaycan şirkətinə xidmət göstərir. “GoldenPay”, ödəniş xidmətləri üzrə fəaliyyət göstərmək üçün “Visa International”  və “MasterCard” aparıcı beynəlxalq ödəniş sistemlərinin lisenziyalarını alıb.
Ödəniş sistemində ödənişləri, dünyanın istənilən bankı tərəfindən buraxılmış “VISA/VISA Electron”, “MasterCard/Maestro” kartları vasitəsi ilə həyata keçirmək olar. Ödəniş sisteminin təhlükəsizliyi  “VeriSign” SSL şifrləmə metodu ilə istifadə edilir.

RƏVAN





26/09/12    Çap et