Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstedadlı gənclər üçün proqramlaşdırma üzrə distant olimpiada başlayır


İstedadlı gənclər üçün bu tədris ilində proqramlaşdırma üzrə distant - məsafədən təşkil olunan olimpiada başlayır. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “http://www.e-olimp.com/” saytının rəhbərliyindən məlumat verilib. Saytdan bildirilib ki, 2012-2013-cü illər üzrə  “II Açıq Distant Olimpiada” Ukraynanın Jitomir Vilayət Təhsil İdarəsi, İvan Franko adına Jitomir Dövlət Universiteti, Jitomir Vilayət Təhsil İşçilərinin Diplomdansonrakı Hazırlığı İnstitutu tərəfindən təşkil olunur.

Olimpiada məktəblilərin proqramlaşdırma üzrə bacarıqlarının üzə çıxarılması və təkmilləşdirilməsi məqsədilə məsafədən olimpiadaların təşkili üçün nəzərdə tutulmuş “http://www.e-olimp.com/” internet portalında həyata keçiriləcək. Digər ölkələrdən olan iştirakçılara məhdudiyyətlərin qoyulmadığını vurğulayan Təşkilat Komitəsindən bildirilib ki, “II Açıq Distant Olimpiada”da arzu edən hər kəs iştirak edə bilər. Belə ki, olimpiadada Jitomir vilayətindən yalnız məktəblilər iştirak edə bilərlərsə, digər vilayət və ölkələrdən olan tələbələr, müəllimlər, eləcə də şagirdlər burada müsabiqədənkənar iştirak hüququ qazanırlar.

İki mərhələdə keçiriləcək olimpiadanın birinci mərhələsi internet vasitəsilə qiyabi formada aparılacaq ki, burada da bütün arzu edənlərin iştirakı təmin olunacaq. Yekun mərhələnin də qiyabi aparılması nəzərdə tutulub. Amma bu mərhələ dəqiq vaxt çərçivəsində  qapalı qrupda yalnız Jitomir vilayətinin məktəbliləri üçün aparılacaq. İlk mərhələ cari ilin oktyabrın 1-dən 2013-cü ilin 10 yanvarına qədər davam edəcək. Burada iştirakçılara 10-15 tapşırıq təqdim olunacaq. Tapşırıqların həllini onların nəşrindən turun sonuna qədər istənilən vaxt Təşkilat Komitəsinə təqdim etmək  mümkündür. İkinci mərhələ isə 2013-cü ilin 10 yanvarından 15 yanvarına qədər davam edəcək.

Bu mərhələdə iştirakçılara 5 saat ərzində 3-5 tapşırıq təqdim olunacaq. Qeyd edək ki, mərhələlərin təxmini müəyyənləşən hazırkı tarixlərində düzəlişlər barədə saytda əlavə məlumat veriləcək. Hər iki qiyabi mərhələnin nəticələri əsasında ІІІ Ukrayna Olimpiadasının əyani mərhələsində iştirak edəcək şagirdlər müəyyənləşəcək. Bu mərhələ 2013-cü ilin əvvəlində Jitomir Vilayət Təhsil İdarəsi ilə razılaşdırılmış tarixdə Jitomir vilayətində təşkil olunacaq.

Qeyd edək ki, turda iştirak etmək üçün olimpiadanın təşkil olunduğu saytda qeydiyyatdan keçmək lazımdır. Bundan sonra iştirakçılara tapşırıqların həlli üçün “II Açıq Distant Olimpiada”nın səhifəsinə giriş mümkün olacaq. Qeydiyyat zamanı ad, familiya, ad günü tarixi, sinif və təhsil müəssisəsi, elektron ünvan haqqında həqiqi məlumatlar verilməlidir. Tapşırıqlara gəlincə, onların həllini yekunlaşdıran iştirakçı tapşırıqları avtomatik yoxlamadan da keçirə bilər. Avtomatik rejimdə aparılan yoxlama Münsiflər Heyəti tərəfindən əvvəlcədən toplanmış test bazası əsasında həyata keçiriləcək.

Tapşırıqların həlli zamanı uyğun proqramlaşdırma dilindən istifadə edilməlidir. Hazırda olimpiadanın təşkili müddətində hələlik “Delphi 7.0”, “Free Pascal 4.2.2”, “JDK 1.6”, “GNU C++”, “Visual C++ 6.0”, “Visual C++ 9.0”, “Microsoft Visual Studio C++ 10.0” kimi kompilyatorlar dəstəklənsə də, Münsiflər Heyəti proqramlaşdırma dillərinin sırasının genişləndiriləcəyini, o cümlədən hazırkı kompilyatorların son versiyalarının yenilənəcəyini qeyd edir. Yaranan hər hansı suallarla bağlı Təşkilat Komitəsinə “lisogor_@ukr.net” ünvanı vasitəsilə müraciət etmək olar.  


HƏQİQƏT





26/09/12    Çap et