Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Çağ Öyrətim İşlətmələri” “Ağıllı lövhələr”dən istifadəyə başlayıb


“Çağ Öyrətim İşlətmələri” bu dərs ilindən başlayaraq interaktiv elektron lövhələrdən istifadəyə başlayıb.
Bununla bağlı keçirilən mərasimdə Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Mesut Kurnaz bildirib ki, artıq 250 ədəd elektron lövhə alınaraq sinif otaqlarına quraşdırılıb.

Onun sözlərinə görə, lövhələrin alındığı zavodların mütəxəssisləri şirkətə dəvət edilib, müəllimlərlə birgə 6 ay müddətində orta məktəb dərsliklərinə uyğun proqramlar hazırlanıb, dərsliklərin əsası interaktiv lövhələrin yaddaşına yazılıb.

“Bundan başqa, dəvət olunmuş mütəxəssislər tərəfindən tədris ediləcək fənlər üzrə müəllimlərin xüsusi seminarları keçirilib”.

M.Kurnaz bildirib ki, şirkət tədris prosesində informasiya texnologiyaları vasitələrindən geniş istifadə edir: “Bütün fənn otaqları, laboratoriyalar ən müasir elektron cihazlarla təchiz edilib”.

Mərasimdə “Çağ Öyrətim İşlətmələri” şirkətinin prezidenti Ənvər Özərən qeyd edib ki, təhsil sistemindəki müasir texnoloji yeniliklər öyrənilir və Azərbaycana gətirilir. “Bütün bu yeniliklər şagirdlərimizin daha savadlı olmasına yardım edir”.

Qeyd edək ki, interaktiv lövhənin üstündə xüsusi elektron qələm ilə yazmaq olur. Lövhə slaydları videonu göstərməyə, şəkil çəkməyə (adi lövhədəki kimi), real vaxtda əks olunan şəklin üstündə qeydlər etməyə, hər dəyişikliyi daxil etməyə və onları kompyuter faylları qismində sonra redaktə etmək üçün yaddaşda saxlamağa, printerdə çap etməyə, faks və yaxud elektron poçt vasitəsilə göndərməyə imkan verir.





26/09/12    Çap et