Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nizami Gəncəvi” elektron məlumat bazasının təqdimat mərasimi keçiriləcək


Sentyabrın 27-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında (AMK) Nizami Gəncəvinin anadan olmasının 870 illiyinə həsr edilmiş TÜRKSOY ölkələrinin Milli kitabxanalarının nümayəndələrinin iştirakı ilə “Nizami irsinin təbliği” mövzusunda  Beynəlxalq Elmi Konfrans keçiriləcək. 

“ICTnews” elektron xəbər xidmətinə bu barədə AMK-dan məlumat verilib. Kitabxanadan bildirilib ki, tədbirdə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası və Türkiyə Cümhuriyyətinin Milli Kitabxanası arasında əməkdaşlıq haqqında Memorandumun rəsmi imzalanma mərasimi,  Türkiyə, Çexiya, Qırğızıstan və digər ölkələrin Milli kitabxanalarında saxlanılan Nizami əlyazmalarının nüsxələrinin Azərbaycan Milli Kitabxanasına hədiyyə olunması mərasimi və  Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Nizami Gəncəvi. Biblioqrafiya” kitabının və “Nizami Gəncəvi” elektron məlumat bazasının təqdimat mərasimi keçiriləcək.

Cari ilin oktyabr ayının 2-də, saat 10:00-da isə Mərkəzi Elmi Kitabxanada (MEK) dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş "Nizami Gəncəvi dünya kitabxanalarında" mövzusunda tədbir keçiriləcək. Tədbirdə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Gəncə Regional Elmi Mərkəzinin nəzdində yaradılan Nizami Gəncəvi Mərkəzinin ali idarəetmə strukturu olan Himayədarlar Şurasında Türkiyə, ABŞ, Misir, Hindistan, Qırğızıstan, Gürcüstan və başqa ölkələri təmsil edən tanınmış ziyalılar iştirak edəcək.  Eyni zamanda, MEK tərəfindən tədbirin keçirildiyi mərkəzdə, eləcə də dahi şairin yubileyinin keçirildiyi günlərdə MEK-də Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş fundamental, ənənəvi və virtual sərginin təşkili də nəzərdə tutulub.


HƏQİQƏT





26/09/12    Çap et