Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Tbilisidə korrupsiyaya qarşı şəffaf və yüksək texnologiyalı vasitələrlə mübarizə üsulları araşdırılıb
Sentyabrın 25-26-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində əhaliyə ictimai xidmətlərin göstərilməsi, o cümlədən elektron xidmətlər sahəsində innovasiyalar üzrə “İctimai xidmətlərin gələcəyi - müasir həll yolları” mövzusunda dünyanın müxtəlif ölkələrindən mütəxəssislərin, beynəlxalq təşkilatların təmsilçilərinin qatıldığı ikinci beynəlxalq konfrans keçirilib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, konfransda iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İlham Məmmədov bildirib ki, hələ 2011-ci ildə Gürcüstanın Batumi şəhərində keçirilmiş ilk konfransda ictimai xidmətlərin sistemli şəkildə əhaliyə çatdırılması prosesində korrupsiyaya qarşı şəffaf və yüksək texnologiyalı vasitələrlə mübarizə üsulları müzakirə predmeti olmuşdu. İkinci konfransda isə ictimai xidmətlər sahəsində innovasiyalar, əldə olunmuş müsbət təcrübələr, mövcud təhdidlər, həmçinin bu sahədə zəruri islahatların aparılması üçün ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanları ətraflı şəkildə müzakirə edilib.
Belə bir tədbirin Gürcüstanda keçirilməsinin səbəbinin son illərdə bu ölkədə şəffaf biznes mühitinin yaradılması və korrupsiyaya qarşı mübarizə sahəsində mühüm uğurların əldə olunması ilə bağlı olduğunu qeyd edən İlham Məmmədov bildirib ki, konfransda Gürcüstanda dövlət xidmətlərinin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində aparılan islahatlar və onların uğurlu nəticələri barədə də tədbir iştirakçılarına ətraflı məlumat verilib. Tədbirdə həmçinin qeyd olunan sahədə təcrübə mübadilələrinin aparılması imkanları ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, konfransda Azərbaycan tərəfindən ümumilikdə 10 nəfərlik nümayəndə heyəti iştirak edib.
HƏQİQƏT
26/09/12 Çap et