Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda ilk dəfə olaraq Qafqaz Universitetində texnopark yaradılacaq
Azərbaycanda ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Qafqaz Universitetində Orta Doğu Texniki Universitetinin dəstəyi ilə texnoparkın yaradılması məsələsi müzakirə olunub. Bu müzakirələr təhsil naziri Misir Mərdanovun Qafqaz Universitetinin rektoru Əhməd Saniç və Orta Doğu Texniki Universiteti texnoparkının müdir müavini Ufuk Bulut ilə görüşü zamanı aparılıb.
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, görüşdə təhsil naziri Azərbaycanla Türkiyə arasında mövcud olan əlaqələrin bütün istiqamətlərdə, eləcə də təhsil sahəsində sürətlə inkişaf etdiyini bildirib. Misir Mərdanov Qafqaz Universitetində texnoparkın yaradılması təşəbbüsünün təqdirəlayiq olduğunu bildirib, bu təcrübəni Azərbaycanda ali təhsilin inkişafına yeni bir töhfə kimi dəyərləndirib.
Qafqaz Universitetinin rektoru Əhməd Saniç Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi ilə aparılan əməkdaşlıq çərçivəsində ilkin olaraq Sumqayıt texnoparkından istifadə olunmasının nəzərdə tutulduğunu vurğulayıb. Bununla yanaşı, rektor Orta Doğu Texniki Universiteti texnoparkının yaradılması təcrübəsindən istifadə etməklə, Qafqaz Universitetində müvafiq strukturun fəaliyyətinin təşkili məsələsinin müzakirə olunduğunu söyləyib.
Orta Doğu Texniki Universiteti texnoparkının müdir müavini Ufuk Bulut Türkiyədə ötən əsrin ikinci yarısından vüsət alan sənayeləşmənin texniki ali məktəblərin fəaliyyətinin istehsalata uyğun qurulması ilə nəticələndiyini bildirib. Ali təhsil müəssisələrində aparılan elmi-tədqiqatların nəticələrinin istehsalat sahələrinə tətbiqinin əhəmiyyətindən bəhs edən qonaq, həmçinin peşəkar mütəxəssislərin yetişməsində bu təcrübənin əvəzsiz rol oynadığını vurğulayıb.
Azərbaycan üçün yeni olan bu təşəbbüsün uğurlu nəticələr verəcəyinə inamını ifadə edən Misir Mərdanov bu təcrübədən gələcəkdə digər ali məktəblərin də bəhrələnəcəyinə ümidvar olduğunu bildirib. Nazir, həmçinin ali məktəblərin texnoparklarının olmasını əlavə maliyyə təminatı, elmi-tədqiqatların səmərəliliyinin artırılması və stimullaşdırılması baxımından yüksək qiymətləndirib.
HƏQİQƏT
27/09/12 Çap et