Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkətinin 14 yaşı tamam oldu


Sentyabrın 27-də dünyanın ən böyük şirkətlərindən olan “Google”-un 14 yaşı tamam oldu. Bununla əlaqədar şirkətin axtarış sisteminin əsas səhifəsində bayram loqosu yerləşdirilib.

“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, “Google”-un xüsusi loqosu üzərində 14 şam olan virtual "şokolad tort"dan ibarətdir. Loqoya klik etdikdə sayt istifadəçiləri "Google" sorğusu üzrə axtarış nəticələri olan səhifəyə yönləndirir.

“Google” internet-şirkətinin əsası 1998-ci ildə Serqey Brin və Larri Peyc tərəfindən qoyulub. Brin və Peyc şəxsi axtarış sisteminin hazırlanmasına 1996-cı ildə başladılar; o, əvvəlcə yalnız Stenford Universitetinin saytında istifadə olunurdu.

“Google” 14 il ərzində böyük uğurlara nail olub. Onun axtarış sistemi dünya ölkələrinin əksəriyyətində populyarlıq üzrə liderdir.

Şirkət, həmçinin satın aldığı layihələri uğurla inkişaf etdirə bildi. Şirkət “YouTube” videohostinqi üzərində hüquqa malikdir, onun “Android” mobil platforması isə qlobal smartfon bazarında birinci,   planşet seqmentində isə ikinci yerdə qərarlaşıb.

“Google”-un hazırladığı xidmətlər arasında sənədlərlə işləmək üçün “Google Docs”, “Google Maps” kartoqrafiya xidməti, “Gmail” elektron poçtu, “Google Drive” “bulud” xidməti və digərləri var. Şirkət keçən il istifadəyə verdiyi “Google+” sosial şəbəkəsinin hazırlanmasına böyük diqqət ayırır. Onun auditoriyası hazırda təxminən 250 milyon qeydiyyatdan keçmiş istifadəçidən ibarətdir.

“Google” ötən il ərzində “Android”in mövqeyini möhkəmləndirmək üçün “Motorola Mobility” şirkətini 12,5 milyard dollara satın aldı. 2012-ci ilin iyuluna olan məlumata əsasən, “Google” şirkətində 54,6 min əməkdaş çalışır.

Şirkətin səhmləri bu həftə maksimum həddə (764.89 dollar) çatıb.Məlumat üçün bildirək ki, “Google” şirkəti axtarış sisteminin əsas səhifəsindəki ənənəvi loqonu bayramlar, həmçinin əlamətdar tarixi hadisələr zamanı dəyişdirir.
 
EMİL





27/09/12    Çap et