Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
TAE fiber-optik kabel magistralının Azərbaycan seqmentinin genişləndirilməsi davam edir
"Trans Asia-Europa" (TAE) fiber-optik kabel magistralının Azərbaycan seqmentinin genişləndirilməsi istiqamətində son mərhələ olaraq Gəncə-Daşkəsən xəttinin tikintisi başa çatmaq üzrədir. Bu barədə "Aztelekom" İB-nin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev məlumat verib.
Onun sözlərinə görə, 42 kilometrlik bir məsafənin 30 kilometrindən artıq hissəsində kabel çəkilişi həyata keçirilib. "Ərazi çətin relyefə malik olduğundan işdə çətinliklər var. Ərazinin qayalıq hissələrində isə kabel xətləri havadan aparılır"- deyə o əlavə edib.
Texniki direktor daha sonra bildirib ki, bu layihənin həyata keçirilməsi ilə Gəncədən Daşkəsənədək bütün kəndlərin birbaşa bu xəttə qoşulması təmin olunacaq ki, bu da daha sürətli və daha keyfiyyətli rabitə xidməti deməkdir. Daşkəsən rabitəsi də TAE xəttinə qoşulduqdan sonra Azərbaycan MDB ölkələri arasında bütün rayon mərkəzləri TAE xəttinə qoşulan ilk respublika olacaq.
Xatırladaq ki, bu nəhəng layihənin reallaşdırılması üçün 1999-cu il oktyabrın 21-də Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli protokol imzalayıb. Elə həmin il dekabr ayının birində TAE fiber-optik kabelin Azərbaycan seqmentinin tikintisinə başlanılıb.
2001-ci ildə TAE-nin Azərbaycan seqmentinin quru hissəsinin tikintisi başa çatdırılıb və elə həmin il də Bakı ilə Tbilisi arasında rabitə kanalları TAE fiber-optik kabel magistralı üzərinə keçirilib.
RƏVAN
27/09/12 Çap et