Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Aztelekom” İB e-imzadan istifadə üçün treninqlər keçirir


“Aztelekom” İB əməkdaşlarının e-imzadan istifadəsinin asanlaşdırılması məqsədilə treninqlərə başlayıb. “İCTnews”-a birliyin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev bu barədə məlumat verərək bildirdi ki, rayon telekommunikasiya qovşaqlarının mütəxəssisləri üçün  treninqlər mərhələli şəkildə keçirilməklə əməkdaşların bu istiqamətdə maarifləndirilməsinə xidmət edir. Baş direktor müavini bildirdi ki, əməkdaşların qazandıqları təcrübədən  elektron imza alan  hüquqi və fiziki şəxslərin də bəhrələnməsinə şərait yaranacaq.

 Hazırda regionlarda mərkəzi poçt şöbələrində e-imzaların verilməsi davam edir. Bunun üçün lazımi avadanlıqlar quraşdırılaraq, bu avadanlıqların infrastruktura uyğun olaraq sazlanması və proqram təminatının yüklənməsi işləri yüksək səviyyədə həyata keçirilib.

Poçt şöbələrində e-imza əldə etmək istəyən vətəndaş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq şəxsiyyət vəsiqəsini, hüquqi şəxs və ya dövlət qulluqçusu olduqda qanunvericiliyə müvafiq digər sənədləri (hüquqi və fiziki şəxs, həmçinin sahibkarlar üçün nəzərdə tutulmuş etibarnamə, elektron imza sertifikatının alınmasına müraciət olunan işçilərin siyahısı, təşkilatın nizamnaməsi, dövlət qeydiyyatından keçməsi haqqında şəhadətnamə, Dövlət reyestrindən çıxarış, vergi ödəyicisinin qeydiyyatı haqqında bildiriş və digər qeydiyyat sənədlərini) təqdim edir.

Sənədlər Qeydiyyat Mərkəzi operatorları tərəfindən diqqətlə yoxlanıldıqdan və xidmət haqqı vətəndaş tərəfindən ödənildikdən sonra hər bir vətəndaşın adına ərizə formalaşdırılır.

Ərizəyə daxil edilən şəxsi məlumatlar İAMAS (Daxili İşlər Nazirliyinin bazası) ilə yoxlandıqdan və Mərkəz səlahiyyətlisi tərəfindən təsdiq edildikdən sonra məhsulun emalı prosesinə başlanılır.

Tam məhsul paketləri (vətəndaşa aid olan smart kart, pin kod zərfi, kağız daşıyıcıda olan 2 nüsxə sertifikat, 2 nüsxə müqavilə) hazır olduqda dəstlənərək müvafiq Qeydiyyat mərkəzlərinə çatdırılır və vətəndaşlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim edilir.

Bundan əlavə, Azərbaycan Respublikası vətəndaşlarının “e-imza”dan istifadəsini asanlaşdırmaq məqsədilə “http://www.e-imza.az/” saytı da istifadəçilərin istifadəsinə verilmişdir. Bu sayt istifadəçilərə:

İmza sahiblərinin fərdi məlumatları əsasında axtarış aparmağa, sertifikatlarının detallarına baxmağa; Sertifikatları yoxlamağa; Sertifikat hadisələrinin tarixçəsinə baxmağa; “e-imzalayıcı” proqramını yükləməyə və eyni zamanda e-imza ilə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı verir.

RƏVAN





28/09/12    Çap et