Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azay Quliyev: “ASAN xidmət” neqativ halların minimuma endirilməsinə kömək edəcək»
«Azərbaycanda yaradılması nəzərdə tutulan “ASAN xidmət” mərkəzləri 9 dövlət qurumunun funksiyalarını yerinə yetirəcək». “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev jurnalistlərə verdiyi açıqlamasında söyləyib.
O bildirib ki, yeni mərkəzlərin funksiyalarına pasport, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsinin verilməsi, nikahın qeydiyyatı və s. xidmətlər aiddir: “Bu da onu göstərir ki, hökumət bir çox neqativ halların qarşısının alınması üçün vətəndaşlara daha yaxşı şərait yaradır və vətəndaş-dövlət əlaqələrinin sıxlaşmasına, dövlət məmurlarının bürokratiya və süründürməçiliyinin qarşısını almağa çalışır. Fikrimcə, bu sistem çox böyük dəyişikliklərə səbəb olacaq”.
A.Quliyev deyib ki, bu xidmətlər təkcə Bakıda yox, regionlarda da təşkil olunacaq və vətəndaşlar dövlət qurumlarına yox, məhz “ASAN xidmət” mərkəzlərinə müraciət edəcəklər: “Yeni qurumun yaradılması korrupsiyaya qarşı mübarizə çərçivəsində görülən işlərdən biridir və neqativ halların minimuma endirilməsinə kömək edəcək”.
SEYMUR
28/09/12 Çap et