Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda MDB məkanında analoqu olmayan smart-sinif yaradılıb


Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki 327 saylı məktəbdə ən müasir texnologiyaların istifadəsilə smart-sinif yaradılıb. Bu dərs ilinin əvvəlində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş yeni məktəbdə yaradılmış smart-sinif Koreya Respublikasının elektron təhsil sistemi sahəsində dünya liderlərindən biri olan "AHA" və Azərbaycanın “ULTRA” şirkətləri tərəfindən quraşdırılıb.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə İKT İnformasiya Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, smart-sinif otağında quraşdırılmış simsiz şəbəkə, rəqəmsal podium, interaktiv smart LCD, planşet kompüter və s. avadanlıqlar kompleks şəkildə istənilən fənn üzrə interaktiv tədrisə imkan yaradır. Smart-sinif konsepsiyası çərçivəsində tətbiq olunan texnologiyalar tədris prosesini gücləndirir, fərdi və komanda tərkibində XXİ əsr bacarıqlarını daha da effektiv nümayiş etdirməyə imkan verir.

Sinifdə quraşdırılmış interaktiv smart LCD yüksək keyfiyyətli təsviri, həmçinin optik sensor sistemi ekrana toxunmaqla rahat iş rejimini təmin edir, həmçinin ekranda (lövhədə) işlənmiş məlumatların elektron arxivləşdirilməsi imkanı yaradır. Simsiz şəbəkə internetə və yerli şəbəkəyə asan qoşulmaqla bir şagirdin ekranı ilə digər şagirdlərin ekranlarının sinxronizasiyası, yəni mübadiləsi, həmçinin müəllimin ekranın translyasiyasını təmin edir. Xüsusi daxiletmə qurğuları, sensorlu ekran və multimedia fayllarını emal etmə xüsusiyyətinə malik simsiz şəbəkəyə qoşulmuş planşetlər hər bir şagirdin məlumat mənbələrinin müxtəlifliyini, informasiya mübadiləsi və birgə iş prinsipini təmin edir.

Smart-sinif otağının məsafədən idarəetmə funksiyası müəllimlərə məsafədən dərslərin keçirilməsinə və şagirdlərə dərslərdə virtual iştirakına da imkan verir. Smart-sinif otağının idarəetmə mərkəzi müəllimin ixtiyarında qalmaqla hər bir şagirdin qeyri-təhsil məqsədli fəaliyyətləri mütəmadi nəzarətdə saxlanılır. Bundan əlavə sistemin dəyişikliklər üçün açıq olması istənilən vaxt tədris materiallarını yeniləmək, sistemi günün tələblərinə uyğunlaşdırmaq və redaktə etmək imkanı verir.

Qeyd etmək lazımdır ki, Bülbülə qəsəbəsindəki məktəbin tikilişi və orada quraşdırılmış smart-sinif "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində reallaşdırılıb.
 
HƏQİQƏT
 





28/09/12    Çap et