Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Samuxda İqtisadi İnkişaf Nazirliyinin təqdim etdiyi elektron xidmətlərlə bağlı treninq keçirilib


Sentyabrın 28-də Samux rayonunun Qarayeri kəndində İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı, Samux Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları" və "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninqlər keçirilib.

“ICTnews” elektron xəbər xidmətinin İİN-ə istinadən verdiyi məlumata görə, treninqlərdə Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, Avropa İttifaqının "Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+" Proqramı ("GSP+") və onun biznes üçün əhəmiyyəti barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Bununla yanaşı, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “http://www.icazeler.gov.az/”, “http://www.b2b.az/” elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portallardan istifadə qaydaları və s. barədə geniş məlumat verilib.

Tədbirdə iştirakçılarına Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.


CAHANGİR





29/09/12    Çap et