Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan dünyaya neft-qaz istehsalında nanotexnologiyaların və innovasiyaların tətbiqini öyrədir
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA), Kolumbiya Prezidenti yanında Beynəlxalq Əməkdaşlıq Agentliyi (APC-Colombia) və Azərbaycan Dövlət Neft Akademiyasının “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi-Tədqiqat İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində 24 sentyabr – 2 oktyabr 2012-ci il tarixlərində “Neft yataqlarının geologiyası və neftin emalı metodları üzrə innovasiyalar” mövzusunda təlim kursu təşkil edib. Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, neft və qaz sənayesində aparıcı rola malik və dünyada sənaye üsulu ilə ilk neft çıxaran ölkə kimi tanınan Azərbaycan və Latın Amerikasının böyük neft istehsalçılarından biri olan Kolumbiya ilə birgə əməkdaşlıq çərçivəsində təşkil edilən təlimin əsas məqsədi neft və qaz sənayesində ən son təcrübə və biliklərin mübadiləsinin aparılmasıdır.
Təlim kursunda Kolumbiya, Kuba, Misir, Qambiya, Cənubi Afrika, Vyetnam və Yəməndən olan mütəxəssislər iştirak edib. Tədbirin proqramı neft yataqlarının geologiyasının nəzəri və praktiki əsasları, təkmilləşdirilmiş neft emalı metodları, neft quyularının geofiziki tədqiqatı və neft emalında nanotexnologiyanın tətbiqi kimi mövzuları əhatə edib.
Cənub-Cənub əməkdaşlığının tərkib hissəsi olan bu təşəbbüs insan və institusional resursların və milli sistemlərin gücləndirilməsinə xidmət edir və neft emalı sahəsində istehsala və biliklərin, potensialın və yerli “nou hau”-nun istifadəsinə təkan verir.
Eyni zamanda, iştirakçılar təlim zamanı Azərbaycanın zəngin mədəniyyəti və tarixi barədə də öyrənmək imkanı əldə edib. Sonda isə təlimi müvəffəqiyyətlə başa vurmuş iştirakçılar sertifikatlarla təltif edilib.
Təlim kursu Azərbaycan Respublikası və Kolumbiya Respublikasının inkişaf etməkdə olan ölkələrə texniki yardım layihəsi çərçivəsində təşkil edilib.
SEYMUR
02/10/12 Çap et