Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

XXIV Beynəlxalq İnformatika Olimpiadasının qalibləri Rusiya və Çin oldu


23-30 sentyabr 2012-ci il tarixlərində İtaliyanın Sirmion və Montikyari şəhərlərində keçirilən XXIV Beynəlxalq İnformatika Olimpiadasında Rusiya və Çin komandaları qalib gəlib. Hər bir komanda ayrı-ayrılıqda 4 qızıl medal qazanıb. Müsabiqədə III və IV yerləri Rumıniya və ABŞ (3 qızıl və 1 bürünc medal), V yeri isə İran (2 gümüş və bürünc medal) bölüşdürüb.
 
Turnirdə fərdi olaraq maksimal nəticəni (600 bal) ABŞ-dan olan təmsilçi Conni Ho göstərib. Belarusdan olan Gennadi Korotkeviç ondan cəmi 12 bal geri qalaraq 588 bal toplayıb. 3-cü yerə isə 525 bal yekun nəticə ilə çinli Yujou Qu layiq görülüb.
 
Builki yarışda ölkəmizi təmsil edən komanda üzvləri - Bakı Özəl Türk Liseyinin şagirdləri Tahir Əlizadə 92 balla, Rəşid Qaziyev 71 balla, Elmi Əhmədov 34 balla, Sənan Paşayev isə 16 balla 216, 241, 278 və 294-cü yerlərdə qərarlaşıblar.
 
XXIV Beynəlxalq İnformatika Olimpiadasında ümumilikdə 82 ölkədən olan 317 təmsilçi iştirak edib.
 
Qeyd edək ki, 2013, 2014 və 2015-ci illərdə informatika üzrə yarış Avstraliya, Çin və Qazaxıstanda keçiriləcək. 2016-cı ildə isə bu mötəbər yarışa ev sahibliyini ilk dəfə olaraq Rusiya (Kazan şəhəri) edəcək.
 
Xatırladaq ki, təhsilin və innovativ təhsil texnologiyalarının inkişafında mühüm rol oynayan Beynəlxalq İnformatika Olimpiadası ilk dəfə 1989-cu ildə keçirilib. Ölkəmiz Beynəlxalq İnformatika Olimpiadasında 1994-cü ildən iştirak edir.





03/10/12    Çap et