Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
SDU-da innovasiyayönümlü inkişafın sosial-iqtisadi problemləri mövzusunda konfrans keçirilib
Sumqayıt Dövlət Universitetində innovasiyayönümlü inkişafın sosial-iqtisadi problemləri mövzusunda beynəlxalq elmi konfrans keçirilib. “ICTnews” elektron xəbər xidmətinin SDU-ya istinadən verdiyi məlumata görə, konfransı universitetin rektoru, professor Nadir Qəhrəmanov açaraq iştirakçılara tədbirin mahiyyəti barədə məlumat verib. Ölkəmizin sosial-iqtisadi inkişafından bəhs edən rektor xüsusilə son illərdə innovativ inkişaf meyillərinin hiss edildiyini qeyd edib.
Daha sonra Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Postsovet ölkələri üzrə tədqiqat mərkəzinin müdiri Leonid Borisoviç Vardomski çıxış edərək ölkəmizin müstəqillik illərində əldə etdiyi nailiyyətlərə toxunub. Natiq bildirib ki, Azərbaycan xüsusilə son illərdə innovasiyayönümlü inkişaf yoluna çıxıb.
AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Regional İqtisadi və Sosial Tədqiqatlar İnstitutunun direktoru, professor Əli Nuriyev ölkəmizin yeni inkişaf mərhələsinə daxil olduğunu qeyd edib, qabaqcıl kapitalist ölkələrinin təcrübəsindən faktlar və müqayisələr gətirib.
Sumqayıt Dövlət Universitetinin dosenti Albert Tağıyev isə Sumqayıtda fəaliyyətdə olan və yaradılacaq texniki parkların, eləcə də ayrı-ayrı dünya ölkələrində mövcud olan texnoparkların inkişafı problemlərindən bəhs edib.
Daha sonra çıxış edən Sumqayıt Dövlət Universitetinin dosenti, Bakı Məşğulluq İdarəsinin rəisi Şəfa Əliyev Azərbaycan iqtisadiyyatının innovasiyalaşdırılmasında xüsusi iqtisadi zonaların tətbiqinin mühüm aspektləri barədə məlumat verib, yeni texnologiyaların tətbiqi baxımından qarşıya çıxan problemlərdən və bu istiqamətdə perspektivlərdən danışıb.
Növbəti gün konfrans bölmə iclaslarında işini davam etdirib. Konfransın işinə Sumqayıt Dövlət Universitetinin prorektoru, professor Yadigar Hüseynov yekun vurub.
CAHANGİR
04/10/12 Çap et