Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ən bahalı ticarət markası reytinqində məşhur İT şirkəti sıçrayış edib
Əqli mülkiyyətin qiymətləndirilməsi üzrə ixtisaslaşmış “Interbrand” konsaltinq şirkətinin versiyasına görə, “Coca-Cola”, “Apple” və “IBM” ən qiymətli ticarət markalarıdır. Reytinq 13-cü dəfədir ki tərtib edilir. “Interbrand” mütəxəssislərinin nəzərə aldığı əsas amillərdən biri şirkətin müxtəlif məhsullardan gəlir əldə etmək qabiliyyətidir.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Apple” şirkəti reytinqdə böyük sıçrayış edib. O, 2 il bundan əvvəl 17-ci yerdə qərarlaşmışdı. Texnologiya bazarının iştirakçıları arasında “iPhone” və “iPad” istehsalçısı sözsüz liderdir. Onun ticarət markası hazırda 76,6 milyard dollar dəyərində qiymətləndirilir.
“Samsung” reytinqdə 9-cu yerdə qərarlaşıb. Cənubi Koreya şirkətinin ticarət markasının dəyəri 32,893 milyard dollar təşkil edir. Kanadanın ”Research In Motion” şirkətinin ticarət markası 39 faiz ucuzlaşıb və o, reytinqdə 93-cü mövqedə yer alıb. “Facebook” ticarət markası 69-cu yerdə qərarlaşıb və onun brendi 5,4 milyard dollar dəyərində qiymətləndirilib.
“Interbrand” şirkətinin tərtib etdiyi hazırkı reytinqində birinci yerdə “Coca-Cola” ticarət markası qərarlaşıb. Qeyd edək ki, “Coca-Cola” 13 il ardıcıl olaraq birinci yeri tutur. Agentliyin ekspertləri onu 77,839 milyard dollar dəyərində qiymətləndiriblər. “IBM” (75,5 milyard dollar) 3-cü, “Google” (69,7 milyard dollar) və “Microsoft” (57,9 milyard dollar) isə müvafiq olaraq 4 və 5-ci yerləri bölüşdürürlər. Onluqda, həmçinin “General Electric”, “McDonald's”, “İntel”, “Samsung” və “Toyota” ticarət markaları qərarlaşıb.
EMİL
04/10/12 Çap et