Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Akademik Fikrət Əliyev : “Elmi indeksləşdirmə sistemləri həm qlobal, həm də regional elmi tərəqqinin güzgüsü rolunda çıxış edir”


-Fikrət müəllim, son 50 ildə elmin sürətli inkişafı ilə əlaqədar onun keyfiy­yətini müəy­yənləşdirmək üçün müxtəlif yanaşma və qiymət­lən­dir­mə me­yar­ları meydana gəlib. Mət­buatda mütəmadi olaraq Sizin bu möv­zuya həsr olunmuş dəyərli məqalələrinizə rast gəlirik. Ötən il çapdan çıxmış həmmüəllifi olduğunuz "Azər­bay­canda elmin problemləri və inkişaf pers­pek­tiv­­lə­ri" adlı kitab, demək olar ki, bütövlükdə sözügedən məsələnin təd­­qiqinə həsr olunub. Burada Siz Dünya elminin müəyyən qəliblər üz­rə qiymətləndirilməsində ABŞ-ın "ISI-Thomson Reuters" təşkilatının möv­qe­yin­dən, dəyər­ləndirmə mexanizm­lərindən və s. da­nış­mısınız. Sizcə, bu gün "ISI-Thomson Reuters"in elmin inkişafındakı rolu nədən ibarətdir?
 

-Əgər sözügedən məsələyə obyektiv qiymət verməli olsaq, birmənalı şəkildə de­yə bilərəm ki, "Thomson Reuters"in elmi qiymətləndirmə sistemi bu gün bü­tün dünyada qəbul olunan ən optimal mexanizmdir. Təsadüfi deyil ki, bu mexanizm artıq 50 ildir ki, işləyir və durmadan təkmilləşir. 1960-cı ildə Yu­cin Harfild tərəfindən yaradılan ABŞ Elmi İnformasiya İnstitutu "Science" (ISI) "Citation Index" (SCI) adlı sitatgətirmə indeksini yaratmaqla elmi qiy­mət­­ləndirmə sahəsində inqilab edib. Bu indeksin ilkin məqsədi indi olduğu ki­mi sanballı elmi nəşrləri təsnifləşdirmək, in­deks­­ləş­dir­­mək və onların təsir əmsalını müəy­yən­ləş­dirmək olub. Doğru­dur, o vaxt­lar "ISI"-nin fəaliyyət spek­tri o qədər də geniş deyildi; institut 600 jurnalı indeksləşdirməklə kifayətlənirdi. Bu gün isə "ISI" 15 minə yaxın elmi jurnalın təsir əmsalını mü­əyyənləşdirən iri elmi korporasiyaya çevrilib.

2002-ci ildə Elmi İnfor­masiya İnstitutu "Thomson Reuters" təşkilatının tərkibinə keçdikdən sonra müəs­sisənin işi xeyli inkişaf edib. İndi artıq "ISI-Thomson Reuters" təkcə təsir əmsalına malik jurnallar haqqında illik hesabat ("Journal Citation Report") dərc etməklə kifayətlənmir, o, həm də məqalələrinə ən çox istinad edilən alim­lərin də siyahısını hazırlayıb dərc edir. Bu isə öz növbəsində dünyada uni­ver­si­tetlərin, elmi müəssisələrin reytinq cədvəlini müəyyənləş­dir­məyə imkan ve­rir.  Məntiqi olaraq bununla da dünya elminin aka­demik səviyyəsi üzə çı­xır.Elmi tədqiqatların nəticələrinin qiymətləndirilməsi baxımından təsir əmsalının əhəmiyyəti o qədər böyükdür ki, bununla hətta müxtəlif ölkələrdə elmin inkişaf dinamikasını da izləmək mümkündür. Ayrı-ayrı institutlar, elmi təşkilatlar, alimlər "ISI-Thomson Reuters"in "Web of Science" adlanan indeks­ləşdirmə bazası vasitəsilə öz elmi tədqiqatlarına edilən istinadların kəmiyyətini müəyyənləşdirə bilirlər. Nüfuzlu jurnalın təsir əmsalı-impakt faktoru olduğu kimi, elmi tədqiqat institutunun, individual şəkildə alimin və hətta ayrıca məqalənin də impakt faktoru ola bilər. Bu isə onu deməyə əsas verir ki, "ISI-Thom­son Reuters"in "Web of Science" bazasına daxil olan "Science Citation Index Expanded", "Social Sciences Citation Index" və "Arts & Humanities Citation Index" kimi elmi indeksləşdirmə sistemləri həm qlobal, həm də regional elmi tərəqqinin güzgüsü rolunda çıxış edir.

"ISI-Thomson Reuters" ən çox istinad edilən elmi nəşrləri - jurnal, kitab, konfrans materiallarını, patentləri və s. müəy­yən­ləş­dirməklə elmdə ən doğru prioritetləri aşkarlamağa imkan verir. Dünyanın ən iri informasiya ixracatçılarından olan bu təşkilatın əldə etdiyi sta­tistik gös­tə­ri­cilər müxtəlif elm sahələrinin cari vəziyyətinin öyrənilməsi baxı­mın­dan əhə­miy­yətli olduğu qədər, innovativ texnologiyaların, sənayenin, iqtisadiy­ya­tın inkişaf templərini araşdırmaq baxımından da çox qiymətlidir. Çünki bir qayda olaraq, istənilən kommersiya qurumu cari iqtisadi durumu, əmtəə bazarını, tələb-təklifi öyrənərkən ilk növbədə etibarlı biliklərə, dəqiq statistikaya, bir sözlə apro­basiya olunmuş informasiyaya ehtiyac duyur.

"ISI-Thomson Reuters" elmi-statis­tik mə­lu­mat­ları məhz bu cür informasiya məcmusu rolunu oynayır. Tə­sa­düfi de­yil ki, təşkilat topladığı məlumatları analiz edərək özü də böyük iqti­sadi uğur və ma­liyyə balansı qazanır. Şirkətin səhmlərinin Nyu-York və Toronto kimi iri fond bir­ja­larında yüksək əmsallarla kotirovka olunması elmin iqti­sa­diyyata müsbət təsirinin ən bariz nümunəsi hesab oluna bilər.
 
- "ISI-Thomson Reuters" haqqında belə bir təəssürat yaranıb ki, bu təşkilat əsasən Qərbdə aparılan elmi tədqiqatların analizinə daha çox diqqət ayırır. Bu ba­xımdan təşkilatın Azərbaycan elminə nəzər yetirməsi böyük uğur kimi qiy­mət­lən­dirilməlidir. Şübhəsiz ki, bunun da səbəbləri mövcuddur. Bu haqda fikrinizi bil­mək istərdim...

Müəyyən mənada Siz haqlısınız. Doğrudan da "Web of Science" ba­zasının əhatə etdiyi jurnalların coğrafiyasına nəzər saldıqda belə bir fikir yaranır ki, daha çox məhz Qərbdə nəşr olunan elmi jurnallar təsir əmsalına malikdirlər. Düşünürəm ki, burada kimisə günahkar çıxarmaq olmaz. Məsələn, "Science Citation Index Ex­pan­­ded" siyahısına daxil olan jurnallar tam olaraq ingilis dilində dərc edilən nəşr­lər­dir. Və onların böyük əksəriyyəti ingilisdilli ölkələrdə nəşr olunur. Başqa söz­lə, bu siyahıya daxil olmaq digər 2 siyahıya daxil olmaqdan daha çətindir. "ISI-Thom­son Reuters"in rəsmiləri də bunu dəfələrlə etiraf ediblər.

Çünki dəqiq və təbiət elm­lərinə həsr olunan jurnallar bir qayda ola­raq regional deyil, qlobal xarakterli tədqi­qatları özündə cəmlədiyindən on­la­rın məhz ingilis dilində dünyaya çıxarıl­ması məqsədəuyğun hesab olunur. "Social Sciences Citation Index"  və  "Arts & Humanities Citation Index"-ə daxil olan jurnallar üçünsə belə bir tələb yoxdur. "ISI-Thomson Reuters" razılaşır ki, bəli, məsələn, bir ölkənin ədəbiyyatı, folkloru məhz milli dildə yayılmalıdır. Həmin siyahılara daxil olan regional jurnallardakı mə­qalələrə ingilis dilində yalnız xülasə vermək kafi hesab olunur.

Görünür, məhz bu amil, "ISI-Thomson Reuters"in 100-dən artıq ölkə ilə əməkdaşlıq etməsinə yar­dım edir.Azərbaycan uzun müddət Sovetlər birliyinin tərkibində olan bir dövlət kimi "ISI-Thomson Reuters"lə əməkdaşlıq etmək imkanından məhrum olub. O vaxtlar bizə elə gəlirdi ki, əgər jurnal, məsələn, Moskvada nəşr olunursa, deməli, ən nü­fuz­lu el­mi nəşrdir. Halbuki, indi həmin jurnallar ya ümu­miy­yətlə, "Web of Science" ba­zasına düşə bilmirlər, ya da çox zəif təsir əmsal­larına malikdirlər. Əlbəttə, bu və ya di­gər müqayisəni apararkən hər hansı bir redaksiyanın əməyini kiçiltmək fikrində deyiləm, sadəcə, real mənzərə bundan ibarətdir ki, bu gün nə Rusiya, nə də post­so­vet ölkələrində nəşr olunan jurnallar "ISI-Thomson Reuters"lə sıx əməkdaşlıq edirlər. Ümid etmək olar ki, yaxın 10 il ərzində postsovet ölkələrinin göstəriciləri daha yüksək olacaq.

O ki qaldı sualınızın ikinci his­səsinə, əlbəttə, Sizinlə tam razıyam: "ISI-Thomson Reuters"in bizim regionda nəşr olunan elmi nəşrlərə diqqət ayırması heç də səbəbsiz deyil. Bilirsiniz ki, 10 ildir ki, ölkəmizdə RİTN, AMEA və BDU-nun Tətbiqi Riyaziyyat İnstitutu ingilis dilində "Applied and Computational Mathe­matics" jurnalını nəşr edirlər. Bu jurnal həm regionda, həm də ölkəmizdə "Web of Sci­ence"ə daxil olmuş və təsir əmsalı qazanmış ilk nəşrdir. Nəşr Azərbaycan tət­biqi riyaziyyat elminin uğurlarını beynəlxalq aləmə çıxarmaqla bərabər, müvafiq sa­hə­də xarici alimlərin də seçilmiş elmi təd­qi­qat­larını yerli alimlərimizə təqdim et­mək­lə bilavasitə elmi körpü rolunu oynayır. Biz uzun illər ərzində "ISI-Thomson Re­u­ters"lə əməkdaşlıq etməklə, nəhayət, on­la­rın diqqətini ölkəmizə yönəldə bilmişik. Bu işdə akademik Əli Abbasovun, pro­fessor Larinin, professor Tamer Başarın çox bö­yük əməyi var. Bu fə­aliy­yət­lərdə gərgin əmək sərf etmiş və təcrübə qazanmış bir baş redaktor kimi de­məli­yəm ki, "ISI-Thomson Reuters"in elmi jurnallar qarşısında qoyduğu tələblər çox sərt olsa da, təşkilat daim əməkdaşlığa, səmərəli partnyorluğa hazırdır. Biz çox is­tərdik ki, tezliklə digər Azərbaycan jurnalları da təşkilatın siyahılarına düş­sünlər.

-Digər jurnallarımızdan söz düşmüşkən, Sizcə, onların "Web of Sci­en­ce" bazasına düşə bilməməsinin səbəbi nədir? Ələlxüsus da, hu­ma­nitar və icti­mai-siyasi elmlər üzrə jurnallarımızın "ISI-Thomson Reuters"lə əməkdaşlığa meyil etməməsi necə izah oluna bilər?

-Bilirsiniz, ölkəmizin ayrı-ayrı elmi tədqiqat institutlarında 40-dan ar­tıq elmi jurnal nəşr olunur. Təəssüflər olsun ki, hələlik bu jurnallarımızdan heç biri "ISI-Thomson Reuters"lə əməkdaşlıq qura bilməyib. Bunun bir sıra səbəbləri var. Də­qiq və tətbiqi elmləri əhatə edən jurnallarımız, bayaq da qeyd etdiyim kimi, məqalələrə ingilis dilində xülasə verməklə "Web of Science" bazasına düşə bilməz­lər. Gərəkdir ki, həmin jurnallar ingilis dilində nəşr olunsun.

Sual yarana bi­lər ki, bəs əgər bütün jurnallar ingilis dilində dərc olunacaqsa, bu dili bil­mə­yənlər, mə­sələn, elə yerli auditoriyanın böyük hissəsi elmi yeniliklərlə necə tanış olacaq? Bu sualın cavabı aydındır: yaxşı olar ki, milli auditoriyanı itir­mək istəməyən jurnal­larımız eyni zamanda iki dildə nəşr olunsunlar. Esto­ni­yada, Ukraynada, Litvada bunun təqdirəlayiq nümunələri var. Bu gün həmin ölkələrdə çıxan elmi jurnallar iki dildə həm yerli elmi ictimaiyyətin, həm də beynəlxalq intellektual auditoriyanın diqqətini qazana biliblər. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, jurnala təkcə ingilis dilində ad verməklə, onu beynəlxalq nəşr adlandırmaqla "ISI-Thomson Reuters"in diqqətini çəkmək mümkün deyil. Axı gərək həmin jurnallarda mü­kəm­məl, professional ingilis dilində yazılmış məqalələr dərc olunsun, məqalələrin qar­şı­sında qoyulan beynəlxalq qiy­mət­ver­mə standartlarına əməl edilsin. Bunun üçünsə Azərbaycan alimi beynəlxalq elmi jurnallarda dərc olunma təcrübəsinə malik olmalıdır. Əfsuslar olsun ki, elmi tədqiqat institut­la­rımızda bu məsələ hələ də öz həllini tapmayıb.

Düşünürəm ki, elmi işçilər qar­şı­sın­da qoyulan tələblərin sərt­ləş­diril­məsinə böyük ehtiyac var. Hər bir elmi tədqiqat insti­tutunun qarşısında tələb qoyulmalıdır ki, məsələn, yaxın 3 il ərzində mü­əs­sisənin təsir əmsalı 3-5 arası olsun. Bunun üçün həmin institutların əməkdaşları 3 il ərzində "ISI-Thomson Reu­ters"in siyahılarında olan nüfuzlu jurnallarda məqalə dərc etdirməlidirlər.

Möhtərəm prezidentimiz cənab İlham Əliyev bir daha elmə diqqətini nümayiş etdirərək xüsusi sərəncamla Ali  Attestasiya Komis­siyası tərəfindən fəlsəfə doktoru və elmlər dok­to­ru alimlik dərəcələrinə iddialı şəxslər qarşısında belə tələblərin qoyulmasını qanuniləşdirdi.  Keçmiş Sovetlər birliyində elmi adların verilməsinin müasir tələblərə uyğunlaşdırılması yolunda ilk addım olan bu qərarı  alqış­la­maq lazımdır. Amma təkcə Ali Attestasiya Komissiyası bu işin öhdəsindən gələ bil­məz. Lazımdır ki, ali təhsil müəssisələri də, Milli Elmlər Akademiyası da elmi əmək­daşlarını məhz belə bir istiqamətdə səfərbərliyə alsın. Elmdə heç kəsə güzəşt edil­məməlidir. Açıq da­nış­maq lazımdır. Götürək elə Milli Elmlər Aka­de­mi­ya­sının nəşr etdiyi "Mə­ru­zə­lər"i. Kim deyə bilər ki, bu jurnalda nəşr olunan mə­qa­lə­lər dün­ya elmi icti­ma­iy­yə­tinə lazım deyil? Əlbəttə, lazımdır və onların oxunması va­cib­­dir. Amma necə? Nə vaxta kimi, biz özümüz yazıb özümüz oxuyacağıq? "Mə­ru­­zələr"də dərc olunan m­əqalələri ingilis dilinə çevirib nəşr etmək olmazmı? Olar.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının məlumatına görə, Azərbaycan dilində nəşr olunan jurnal­la­rı­mız arasında "Məruzələr" xarici kitabxanalar tərə­findən ən çox tələb edilən nəşrlər sı­rasındadır. Əcnəbi alimlər bu jurnalda dərc olu­nan mə­qa­lə­lərin ingilis dilində olan xülasəsinə bu qədər maraq göstərirsə, de­mə­li, bu nəşrin ingilis dilinə çev­ril­mə­sinə və beləliklə, ən yaxın zamanda "ISI Thom­son Reuters"lə əməkdaşlıq etməsinə ehtiyac var. Mən hər zaman demişəm, bir daha tək­rar edirəm, "Applied and Com­pu­­tational Mathe­matics" jurnalını nəşrə ha­zır­layan redaksiya olaraq biz həmişə həm­karlarımıza əlimizdən gələn köməyi gös­tərməyə  hazırıq.

-Sizcə, yaxın gələcəkdə yerli jurnallarımız tərəfindən "Applied and Com­pu­­tational Mathe­matics"in səmərəli təcrübəsindən istifadə olunacaqmı? Ümu­miy­yətlə, qarşıdakı illərdə Azərbaycan jurnallarının "ISI-Thomson Reuters"in siyahılarına düşməsi nə dərəcədə realdır?

-Əminəm ki, qarşıya qoyulan tələblərə əməl olunarsa, tezliklə Azər­bay­can el­mini beynəlxalq aləmdə təbliğ edən nəşrlərimizin sayı artacaq. Ölkəmizdə "International Journal of Academic Research" (Beynəlxalq Elmi Araşdırmalar Jurnalı) adlı elmi jurnal nəşr olunur. Mən deyərdim ki, həmin jurnal "Applied and Com­pu­­tational Mathe­matics"in ənənələrini mənimsəmiş hələlik yeganə jurnalı­mız­dır. Təsəvvür edin ki, 4 ilə yaxın bir müddət ərzində həm humanitar, həm də ic­timai-siyasi elmlər üzrə ingilis dilində məqalələr nəşr edən bu jurnal artıq "ISI-Thom­son Reuters"in genişləndirilmiş siyahısına – "Master Journal List"ə düşüb və təsir əmsalı almaq üçün karantin dövrü keçir. Azərbaycanda nəşr olunan bu jurnal artıq kifayət qədər beynəlxalq nüfuz qazanıb və bir çox sanballı indeksləşdirmə bazalarına daxil edilib. Bu, o deməkdir ki, ölkəmizdə dəqiq elmlərlə yanaşı, hu­manitar, ic­timai-siyasi elmləri özündə əks etdirən nəşrlərin də yaxşı perspektivi var. Mən əminəm ki, ən qısa zamanda "International Journal of Academic Re­search" jurnalı impakt faktor alan ikinci Azərbaycan jurnalı olacaq. Çünki bu jurnalın yaradıcıları həm "ISI Thomson Reuters"in, həm də  bizim məsləhətlərimizi nəzərə alır, irad və təkliflərimizə diqqət yetirir.

-Bildiyim qədəriylə bu günlərdə Azərbaycanın "ISI Thomson Reuters"lə əməkdaşlığının növbəti mərhələsi başlanacaq. Təşkilatın rəsmilərinin öl­kə­mizə səfəri gözlənilir. Bu haqda oxucularımızı məlumatlandırmanızı istərdim.

-Haqlısınız. Bildiyiniz kimi, oktyabr ayının 4-də Bakıda RİTN, BDU, AMEA və Müəllif Hüquqları Üzrə Dövlət Agentliyinin "ISI Thomson Reuters"lə birgə konfransı keçirildi. "Thomson Reuters" agentliyinin icraçı vitse-prezidenti Keyt Makqreqor Bakıda səfərdə oldu. Konfransda yerli və xarici alimlərin, dövlət nümayəndələrinin iştirakı ilə bir sıra mühüm məsələlər ətrafında  müzakirələr aparıldı. Prioritetlər sırasına "ISI Thomson Reuters"in postsovet öl­kə­ləri üzrə informasiya generatorunun məhz Bakıda qurulması və mərkəzi in­for­ma­si­ya serverinin burada yerləşdirilməsi, Şərqə doğru bilik magistrallarının payta­x­tı­mız­dan başlanması, ali təhsil ocaqlarının və elmi müəssisələrin bu sanballı infor­ma­siya ixracatçısının bazalarından yararlana bilməsi, eləcə də, bayaq qeyd etdi­yi­miz kimi, humanitar və ictimai-siyasi elmləri əhatə edən jur­nallarımızın yeni key­fiy­yət dəyişikliklərinə hazırlığının səviyyəsinin müəyyən edilməsi və s. Daxil idi. Ümid edirik ki, bu konf­ransdan sonra Azər­baycanla "ISI Thomson Reuters"in əməkdaşlığı yeni mər­hə­ləyə qədəm qo­yacaq və qarşılıqlı informasiya mübadiləsinin səviyyəsi xeyli yüksələcək. Fürsətdən istifadə edib konfransın təşkilinə öz qiymətli töhfəsini vermiş akademik Əli Abbasova öz dərin min­nətdarlığımı bildirmək istəyirəm. Əli müəllim təkcə dövlət adamı kimi deyil, həm də  görkəmli bir elm xadimi kimi vətənimizə, onun elm və təhsilinin gələcəyinə qayğı ilə yanaşır. 
 
Müsahibəni hazırladı:

H.İsabalayeva





05/10/12    Çap et