Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət”in yaradılması dövlətin xalq qarşısındakı məsuliyyətinin yüksəlməsinə gətirib çıxaracaq


Bu gün Azərbaycan Respublikasının İKT sahəsində əldə etdiyi nailiyyətlər, görülən işlər, qabaqcıl ölkələrlə yaradılan sıx əməkdaşlıq sayəsində toplanılan təcrübənin tətbiqi və dövlət səviyyəsində aparılan uğurlu siyasətin nəticəsində “Elektron hökumət” adlanan yeni bir qurum yaradıldı. Belə bir qurumun yaradılmasında əsas məqsəd dövlət qulluqçusu və adi vətəndaş arasında olan “məsafəni” azaltmaqdan ibarətdir.

Qeyd edək ki, ölkəmizdə bu işə hələ 2004-cü ildən start verilmişdir. Belə ki, həmin ildən başlayaraq ölkədə “Elektron Azərbaycan”ın qurulması istiqamətində xeyli irəliləyişlər əldə edildi. İlk olaraq dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan) birinci mərhələsi təsdiq olundu və ölkədə qabaqcıl texnologiyalara əsaslanan telekommunikasiya infrastrukturu müasir dövrün tələblərinə cavab verməyə başladı. Həmçinin sistemin şəffaflığını təmin etmək məqsədilə Prezident tərəfindən bir sıra digər fərman və sərəncamlar imzalanaraq, onun hüquqi bazası möhkəmləndirilmişdir.

Layihənin birinci mərhələsində də ilk olaraq yaradılacaq sistem üçün qəbul edilmiş qanun və qanunvericilik aktları öyrənilmiş və ayrı-ayrı təşkilatlar tərəfindən vətəndaşlara təqdim olunan müxtəlif elektron xidmətlərin, vətəndaşlarla dövlət strukturları arasındakı münasibətlərin və s. analizi aparılmışdır. Həmin analiz nəticəsində də layihənin planı tutularaq yaradılacaq sistemin ümumi strukturu hazırlanmışdır. Həmin struktura uyğun olaraq sistemin adı: “Elektron Hökumət Dövlət İnformasiya Sistemi” kimi müəyyənləşdirilmiş və həmin sistemi yaradıb quraşdırmaq üçün iştirakçı təşkilatlar kimi “BEST Solitions”, “ACTORS IT”, “Cybernetica” və “SayberNet” seçilmişdir.

23 may 2011-ci il tarixdə “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı və həmin Fərmanın icrasından irəli gələn tələblər əsasında ilkin mərhələdə Elektron Hökumət şlüzünə qoşulacaq bəzi təşkilatlarla şəbəkədaxili fiziki əlaqə yaradılaraq, onlar tərəfdən vətəndaşlara göstəriləcək elektron xidmətlər üçün servis proqramları hazırlanmışdır.

Üçüncü, sonuncu mərhələdə isə “Elektron hökumət” şlüzünün istismarı prosesinə başlanılmışdır. Belə ki, 25 aprel 2012-ci il tarixdə “Elektron hökumət”in istismarının birinci fazası istifadə üçün açıq elan edilmişdir.
Azərbaycanda “Elektron  hökumət” quruculuğu istiqamətində işlər intensivləşdikcə müxtəlif dövlət qurumları tərəfindən əhaliyə təklif olunan elektron xidmətlərin çeşidi də artır. 

Dövlət strukturları haqqında müvafiq məlumatların açıq şəbəkədə yerləşdirilməsi ilə artıq hər bir vətəndaş istənilən nazirlik, komitə, mənzil-təsərrüfat idarəsi, səhiyyə, təhsil müəssisələri və s. qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər.

 “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və ”Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı əsasında hal-hazırda “Elektron hökumət” şlüzünə 31 qurum “Partnyorlar” kimi fiziki olaraq qoşulmuşdur. Bundan əlavə “Dövlət qulluqçuları” portalında 26 qurumun 133 xidməti, Vətəndaşlar üçün nəzərdə tutulan portalda isə 26 qurumun 129 xidməti yerləşdirilmişdir.

Bu dövlət qurumları içərisində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini, Vergilər Nazirliyini, Dövlət Gömrük Komitəsini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, Daxili İşlər Nazirliyini, AR Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanı, Ədliyyə Nazirliyini, Ekologiya və Təbii Sərvətlər Nazirliyini, Əmlak Məsələləri Dövlət Komitəsini, İqtisadi İnkişaf Nazirliyini, Kənd Təsərrüfatı Nazirliyini, Müdafiə Sənayesi Nazirliyini, Səhiyyə Nazirliyini, Sənaye və Energetika Nazirliyini, “Azərsu” ASC-ni və başqalarını qeyd etmək olar. Yeni qurumların “Elektron hökumət” şlüzünə qoşulma prosesi isə davam etdirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında 191 saylı 24.11.2011-ci il tarixli Qərarının icrası ilə əlaqədar olaraq “Elektron Xidmətlər Reyestri” layihəsi də hazırlanmışdır. Layihənin məqsədi müxtəlif dövlət orqanlarının elektron xidmətlərinin vahid reyestrinin yaradılmasıdır.

Bundan əlavə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin “Elektron hökumət” portalında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 25 iyun 2012-ci il tarixli 142 nömrəli Qərarının icrası ilə bağlı portalda xüsusi bir bölmə "Normativ hüquqi aktlar" bölməsi yaradılmışdır. Hazırlanan  bölmənin əsas məqsədi layihələrin razılaşdırılmağa göndərildiyi andan ictimai və ya peşəkar müzakirəyə çıxarılmasından ibarətdir.

Hal-hazırda elektron xidmətlərin göstərilməsi üzrə işlər nəinki dövlət başçısının, həmçinin bütün ictimaiyyətin diqqət mərkəzindədir. Elə bunun nəticəsidir ki, 21 iyun 2012-ci il tarixdə “Elektron hökumət” “Netty 2012” Milli İnternet Mükafatının qalibi oldu. Virtual münsiflər heyətinin və ekspert şurasının səsverməsi nəticəsində “Elektron hökumət” 2 nominasiya üzrə - Dövlət saytı kimi "e-Gov" Elektron Xidmətlər Portalı “http://www.e-gov.az/” və İlin İT sahəsi kimi “Elektron Hökumət İnformasiya Sistemi” qalib olmuşdur. 

Beləliklə, “Elektron hökumət”in yaradılması nəinki effektli və daha az məsrəf sərf olunan inzibatçılığı, həmçinin cəmiyyətlə hökumət arasındakı münasibətlərin əsaslı dəyişikliyinə, son nəticədə isə demokratiyanın inkişafına və dövlətin xalq qarşısındakı məsuliyyətinin yüksəlməsinə gətirib çıxaracaqdır. 

 





06/10/12    Çap et