Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul edilib
Bakı Biznes Mərkəzində Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Texnologiyaların konvergensiyası və gələcəyin konturları” mövzusunda “dəyirmi masa” keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov və fizika üzrə “Nobel” mükafatı laureatı Corc Smutun moderatorluğu ilə öz işinə başlayan tədbir “Texnoloji çağırışlar və transformasiya problemləri: risklər və davamlılıq”, “Dəyərlər və elm: konvergensiya edən texnologiyalar”, “Gələcəyin konturları: elmlərin konvergensiyaları, idarəetmə və inkişaf” mövzularında sessiyalarla davam edib. İngiltərə, ABŞ, Almaniya, İsrail, Mərakeş, Cənubi Koreya və Rumıniyadan olan alim və “Nobel” mükafatı laureatlarının məruzələri dinlənilib.
Tədbirin sonunda Forumun Bakı Bəyannaməsi qəbul edildi. Sənəddə Beynəlxalq Humanitar Forumun iştirakçıları Birləşmiş Millətlər Təşkilatının "Minillik Bəyannamə”sini rəhbər tutaraq, qloballaşma prosesinə ədalətli xarakter verilməsinin vacibliyini qəbul edərək siyasi və elmi elitanı, nüfuzlu beynəlxalq strukturları dinamik qloballaşan cəmiyyətdə humanitar problemlərə xüsusi diqqət yetirməyə çağırıb.
Çağdaş dövrdə elmi-texniki tərəqqinin insanı, cəmiyyəti və bütövlükdə sivilizasiyanı dərin dəyişikliklərə məruz qoyduğu qeyd edilib. Qloballaşma proseslərinin nəticəsi olaraq yaranan, elmin, texnikanın inkişafı və informasiya cəmiyyətinin bərqərar olması ilə meydana çıxan çox sayda humanitar problemlərlə bağlı aparılmış müzakirələrin səmərəliliyi qeyd edilib.
Elmin sürətli inkişafının yeni elmi paradiqmanın təşəkkülünə yol açdığı və onun təhsildə öz əksini tapmasının zəruri olduğu bildirilib. Konvergent texnologiyaların gələcək üçün rolu və əhəmiyyəti vurğulanaraq nano, bio, info və koqnitiv texnologiyaların inkişafına və onlardan lazımınca istifadəyə böyük diqqət yetirilməsinin vacibliyi vurğulanıb. Tarixdə analoqu olmayan fenomen kimi informasiyanın formalaşması və yayılması prosesində yeni texnologiyaların və sosial şəbəkələrin rolunun artdığı qeyd edilib.
“Beynəlxalq qurumları və müxtəlif humanitar təşkilatları dövlətlər, vətəndaş cəmiyyətləri və konfessiyalar arasında tolerantlıq mühiti yaratmağa və sivilizasiyalararası münaqişələrin qarşısını almağa xidmət edən əsl mədəniyyətlərarası dialoqun gerçəkləşdirilməsi məqsədi ilə forumlar, konfranslar, müzakirələr və “dəyirmi masa”ların təşkilinə davamlı olaraq təşəbbüs göstərməyə çağırırıq", - sənəddə deyilir.
06/10/12 Çap et