Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, o cümlədən dövlət proqramlarında RİTN-ə aid olan bəndlərin icrası ilə bağlı kollegiya iclası keçirilib. Kollegiya iclasını giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncam və fərmanlarının, dövlət proqramlarının iqtisadiyyatın bütün sahələri, o cümlədən rabitə və informasiya texnologiyalarının inkişafı üçün geniş imkanlar yaratdığını bildirib, həmçinin, İKT sahəsində uğurla həyata keçirilən islahatlar, gələcək böyük layihələr və perspektivlərdən söz açıb.

Xüsusən “Elektron imza və elektron sənəd haqqında” qanuna, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il  23 may tarixli 429 nömrəli Fərmanına toxunaraq, ölkədə gedən “Elektron hökumət” quruculuğu istiqamətində RİTN tərəfindən icrası nəzərdə tutulan tədbirlərin sürətləndirilməsinə diqqət çəkən nazir bu istiqamətdə görülən işlərin, eləcə də əhalinin elektron xidmətlərdən istifadəsinin maksimum sadələşdirilməsini və zəruri olan bütün tədbirlərin sürətləndirilməsinin vacibliyini nəzərə çatdırıb, o cümlədən dövlət proqramlarında əks olunan tədbirlərin icrasına RİTN-in müvafiq qurumları tərəfindən töhfə verilə biləcəyini qeyd edib.

Sonra çıxış edən məruzəçilər ölkədə elektron imzanın tətbiqi sahəsində RİTN tərəfindən aparılan işlər barədə məlumat verərək qeyd ediblər ki, dövlət orqanlarının elektron imza ilə təmin edilməsi məqsədilə nazirlik tərəfindən qurulan Açıq Açar İnfrastruktur sayəsində bu günə qədər 28 quruma 2078 ədəd elektron imza verilib.

Bildirilib ki, Azərbaycanda elektron imza vəsiqəsi alınması prosedurları, eləcə də  vətəndaşların “Elektron hökumət” portalına daxil olma imkanları üçün müvafiq işlər həyata keçirilir. Bundan başqa, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, RİTN-ə aid elektron xidmətlərin inzibati reqlamentlərinin hazırlanması təmin edilib, “Elektron Hökumət Dövlət İnformasiya Sistemi” layihəsi çərçivəsində dövlət orqanlarının məlumat bazaları və informasiya sistemlərinin inteqrasiyası, vətəndaşların müraciətlərinin dövlət orqanlarına çatdırılması, həmçinin, elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkili və istifadəsini təmin etmək məqsədilə “Elektron hökumət” şlüzü və “Elektron hökumət” portalı (http://www.е-эоv.аz/) yaradılıb. Həmçinin qeyd edilib ki, bu gün “Elektron hökumət” portalının fəaliyyəti yalnız təqdim edilən ümumi xidmətlərin konkret sayı ilə məhdudlaşmır. Belə ki, “e-gov” mərkəzi icra hakimiyyəti orqanları, eləcə də yerli özünüidarəetmə orqanlarının və  informasiya sistemlərində fərdi məlumatlar formalaşdıran özəl sektor tərəfindən müvafiq sahələr üzrə göstərilməsi nəzərdə tutulan elektron xidmətlərin sayından daha çox, hətta bir neçə min elektron xidmətin fəaliyyətinin təmin edilməsi üçün yetərli infrastruktura malikdir.

Kollegiyaya yekun vuran nazir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar sayəsində ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsində sürətli inkişafa nail olunduğunu bir daha vurğulayaraq,  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında İKT-nin xüsusi diqqət mərkəzində olduğunu və gələcək illərdə bu sahənin ölkə iqtisadiyyatında mühüm təkanverici amillərdən birinə çevriləcəyinə əminliyini ifadə edib, eləcə də mühüm əhəmiyyət kəsb edən layihələrin icrasının daha da sürətləndirilməsini, yeni layihə və təkliflərin, xüsusən də gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə respublika prezidenti tərəfindən imzalanan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında informasiya texnologiyaları vasitəsilə gənclər arasında innovativ düşüncənin təşviq edilməsi məqsədilə Azərbaycanın “onlayn fikir bankı”nın yaradılmasını, eləcə də Qarabağa aid mərkəzləşdirilmiş internet resurs bazasının yaradılması məqsədilə “Virtual Qarabağ” adlı İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin təşkili məsələsinin müzakirəyə çıxarılmasını vurğulayıb.

Bütün bunlarla yanaşı, nazir bu sahədə nöqsan və çatışmazlıqlara da toxunaraq, Bakıətrafı, ümumilikdə respublikanın bütün kənd və qəsəbələrində rabitə, telekommunikasiya, poçt, radio, televiziya xidmətlərinin göstərilməsində mövcud problemlərin qısa müddətdə aradan qaldırılması, həmçinin müvafiq fərman və sərəncamlarla, o cümlədən dövlət proqramlarında nazirliyin üzərinə düşən vəzifələri əks etdirən və müvafiq bəndlər üzrə müəyyənləşən tədbirlərin birmənalı şəkildə icrası üçün müvafiq tapşırıqlar verib, eləcə də elektron imzanın verilməsi və “Elektron hökumət” portalına girişin sadələşdirilməsi üçün qərar qəbul edilib.





08/10/12    Çap et