Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Diplomların tanınması ilə bağlı yeni elektron sistem müəyyən düzəlişlərdən sonra aktivləşəcək
Xarici ölkələrdə təhsil almış azərbaycanlı gənclər diplomlarının tanınması üçün Təhsil Nazirliyinə elektron ərizə ilə müraciət etdikdən sonra ona təhlükəsizlik kodu veriləcək. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov Təhsil Nazirliyində keçirilən xarici ölkələrdə təhsil almış azərbaycanlı gənclərin diplomlarının tanınması ilə bağlı yeni elektron sistemin təqdimatında məlumat verib.
Nazirin sözlərinə görə, müraciət edən şəxs ona verilmiş kodla sistemə daxil olacaq və öz ərizəsinə baxılma vəziyyətini öyrənə biləcək: "Bu sistem əsasında müraciət edən şəxsə sənədlərindəki hansısa çatışmazlıq və ya sənədlərinin qəbul olunub-olunmadığı barədə məlumat verilir.
İstənilən dövlət və qeyri-dövlət müəssisəsi bu sistemdəki məlumatlar barədə mütəmadi olaraq informasiya əldə edə biləcəklər". Müraciətçinin ərizəsinə o zaman baxılır ki, o, bütün sənədləri doldurduqdan sonra müvafiq dövlət rüsumunu da (15 manat) ödəsin.
Nazir deyib ki, bu sistemin yaradılması şəffaflığın təmin edilməsi yönümündə atılan addımlardan biridir: "Bu sistemin tətbiqi nəticəsində artıq diplomunu tanıtmaq istəyən şəxsin nazirliyə gəlməsinə ehtiyac qalmayacaq". Təqdim olunmuş sistemdə bəzi düzəlişlərin edilməsini də zəruri sayan M.Mərdanovun sözlərinə görə, sistem hələlik aktiv deyil: "O, yalnız müəyyən düzəlişlər edildikdən və tam bəyənildikdən sonra istifadəyə veriləcək".
HƏQİQƏT
08/10/12 Çap et