Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
AMEA-nın vitse-prezidenti Arif Həşimov: “İTİ Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi nəticəsində çox güclü baza yaradıb”
Respublikada elmin inkişafı “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”ya tam uyğun olaraq gedir. Bu sahədə “Thomson Reuters” agentliyi ilə beynəlxalq təşkilatlarla əməkdaşlıq vacibdir ki, onların fəaliyyətinə qoşulmaq üçün də bu gün Azərbaycanda müasir texniki baza yaradılıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə AMEA-nın vitse-prezidenti, akademik Arif Həşimov məlumat verib.
Onun sözlərinə görə, dünya elminə inteqrasiya etmək üçün yerli institutlarımızın maddi-texniki bazaları, laboratoriyaları, fəaliyyət dairələri, kitabxanaları mövcuddur: “İntellektual potensialımızı qiymətləndirməklə elm sahəsində inkişaf dinamikasının əsas standartlarını müəyyən edə bilərik. Artıq bir neçə tədqiqat institutumuzun laboratoriyalarının maddi-texniki bazalarının gücləndirilməsi üçün dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb və bu davam edir. Bunlar həm AMEA tərəfindən, həm Təhsil Nazirliyi və s. tərəfindən həyata keçirilir, eyni zamanda AMEA-nın Mərkəzi Elmi Kitabxanası ən müasir avadanlıqlarla təchiz olunacaq.
Yeni binanın tikilməsi artıq sürətlə gedir. Növbəti ildən bu kitabxana fəaliyyətə verildikdən sonra “Thomson Reuters” kimi agentliklərin fəaliyyəti ilə daha da yaxından tanış ola biləcəyik. Artıq AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu bilavasitə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi nəticəsində çox güclü baza yaradıb və gücü get-gedə artmaqdadır”.
Vitse-prezident qeyd edib ki, İnformasiya Texnologiyaları İnstitutunun Azərbaycanda elmi məlumatların toplanmasında, emal olunmasında kifayət qədər təcrübəsi var və bu sahədə çox böyük işlər görülür: “Eyni zamanda, bu gün Azərbaycanda “Elekton hökumət”lə bağlı aparılan fəaliyyəti qeyd etməliyəm. Bunun əsas atributlarından biri də “Elektron elm” hissəsidir.
Yaxınlarda -15-16 noyabr tarixlərində respublikamızda bu istiqamətdə böyük bir konfransın keçirilməsi nəzərdə tutulur. İnformasiya Texnologiyaları İnstitutu artıq buna hazırlaşır. Çox istərdim ki, bu konfransda “Thomson Reuters” agentliyinin iştirakı da təmin olunsun ki, onlar burada iştirak etməklə öz töhfələrini verə bilsinlər”.
HƏQİQƏT
08/10/12 Çap et