Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gültəkin Hüseynova: “Biz “Thomson Reuters” agentliyinin bazasına qoşulsaq, bizim patentlərin yayılmasına, satılmasına maraq artacaq”


UNESKO 2003-cü ildə rəsmi olaraq, elmi fəaliyyətin əsas göstəriciləri və ölçü vahidləri kimi nəşr olunmuş işlərin sayını, istinad faktoru olan nəşrlərdə onlardan sitatlar gətirilməsini və alınmış patentlərin sayını təqdim edib. Demək olmaz ki, bütün elmi ictimaiyyət tərəfindən ölçü vahidi kimi məqalələrin sayını və konkret elmi işlərin əhəmiyyətini müəyyənləşdirmək üçün, onlara istinad indeksindən istifadə edilməsi obyektiv sayılır.

Lakin elmi fəaliyyətin dəyərləndirilməsindən başqa, daha dəqiq ölçü vahidləri olmadığından bu anlayışlar hələ ki istifadə edilməkdədir. Azərbaycan da digər ölkələr kimi bu meyarlardan istifadə edir. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə,  bu barədə Təhsil Nazirliyinin Elm şöbəsinin rəisi Gültəkin Hüseynova məlumat verib.

Onun sözlərinə görə, beynəlxalq aləmdə elmi məqalələrin və alimlərin elmi fəaliyyətinin qiymətləndirilməsi üzrə müxtəlif elmi informasiya bazaları mövcuddur. Amma dünyada da hesab olunur ki, onların arasında daha əhəmiyyətlisi “Thomson Reuters” agentliyinə məxsus olan “Bilik şəbəkəsi”- istinadların indeksləşdirilməsi və axtarış xidmətidir: “Bu xidmət müasir elmi tədqiqatların sürətli axtarışını, təhlilini və qiymətləndirilməsini təmin edir.

Ölkəmizdə yüzlərlə elmi jurnal və məcmuə nəşr olunub. Təxminən dörd yüzə yaxın elmi jurnal Azərbaycanın Ali Attestasiya Komissiyası tərəfindən tanınıb, amma əfsuslar olsun ki, bu gün yalnız bir jurnal “Thomson Reuters” agentliyi tərəfindən tanınan və istinad faktoru olan jurnallar siyahısına daxil edilib. Bilirəm ki, ölkəmizdə bu istiqamətdə xeyli işlər aparılır. Əminəm ki, bu yaxınlarda həmin jurnalların sayı çoxalacaq”.

Şöbə rəisi qeyd edib ki, 2008-ci ilə qədər  “Thomson Reuters” agentliyinin bazasına daxil olan jurnallarla bağlı məlumatlar toplanmayıb: “Amma 2008-ci ildən başlayaraq, Təhsil Nazirliyi bazaya daxil olan jurnalların sayını izləməyə başlayıb. 2008-ci ildən 2011-ci ilə qədər rəqəmlər göstərir ki, “Thomson Reuters” agentliyinin bazasında olan işlərin sayı 2,8 dəfə artıb. İllər üzrə götürdükdə, 2008-ci ildə 86, 2009-cu ildə 159, 2010-cu ildə 260, 2011-ci ildə isə 242 belə məqalə olub. Təbii ki, bugünkü gündə bu məqalələrin sayı azdır. Amma bu sahədə işlər genişləndiyinə görə ümidvaram ki, gələcəkdə məqalələrin sayı artacaq”.

Patentlərlə bağlı məsələyə də toxunan nazirlik rəsmisi “Thomson Reuters” agentliyinin bazasında patentlər haqqında da məlumatların yerləşdirildiyini bildirib: “Bu gün bizim respublikamızda patentlərlə bağlı vəziyyət ürəkaçan deyil. Çünki Azərbaycanı dünya üzrə ölkələrlə müqayisə edən zaman görürük ki, məsələn, Finlandiyada 5 milyon 300 min əhalisi olan ildə təxminən 2 min patent alınır. Azərbaycanda isə 9 milyon əhaliyə 200 patent alınır. Ölkədə patentlərin sayı da bu gün azdır. Düşünürəm ki, biz “Thomson Reuters” agentliyinin bazasına qoşulsaq və bu bazada bizim patentlər haqqında da məlumatlar olsa, bizim patentlərin yayılmasına, satılmasına maraq artacaq”.

G. Hüseynova yerli patentlərin az olması səbəblərinə də aydınlıq gətirib: “İş burasındadır ki, patent respublikada alınır, alimlər ixtiralar üzərində çalışırlar. Amma patentlər son nəticədə satılmır, yığılıb qalır. Bu patentlərin dünya bazarına çıxarılması üçün patentlər haqqında məlumatların yayılması, mötəbər bazalarda yerləşdirilməsi bu gün respublikamız üçün çox vacib məsələlərdən biridir”.

Bununla bağlı ölkədə uzun zamandan bəri “Thomson Reuters” agentliyinə qoşulmaq üçün müzakirələrin aparıldığını deyən şöbə müdiri Bakı Dövlət Universitetinin (BDU) bu sahədə böyük rolu olduğunu vurğulayıb: “Bakı Dövlət Universiteti ilk olaraq buna qoşulub və bu fəaliyyətin nəticəsidir ki, bazaya daxil olan  jurnal da BDU-nun adı ilə bağlıdır. Bu iş yenə də davam edir. Əminəm ki, “Thomson Reuters” agentliyinə məxsus olan “Bilik şəbəkəsi”nə qoşulmaq Azərbaycan elmi üçün yeni səhifənin açılmasına xidmət edəcək”.    

Həqiqət İSABALAYEVA





09/10/12    Çap et