Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil telefonların İМЕİ-şifrələrinin qeydiyyatı sistemi tezliklə işə salınacaq


“Mobil telefonların İМЕİ-şifrələrinin qeydiyyatı sisteminin işə salınması bu ilin sonunadək baş tutacaq”. Bu barədə  məlumat verən  rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib ki, artıq Nazirlər Kabinetinin müvafiq qərarı var və mobil operatorlarla aparılan işlər son mərhələdədir. O bildirib ki, mobil rabitə operatorları öz infrastrukturlarını qeydiyyat sisteminin tələblərinə uyğun hazırlamalıdırlar.

Qeyd edək ki, məlumat bazasının istifadəyə verilməsi ilə mobil telefon bazarının vəziyyəti barədə (bazarın həcmi, leqal və qeyri-leqal məhsulların miqdarı) təsəvvürə malik olmaq mümkün olacaq. Yeni sistem telefonların oğurlanması ilə effektiv mübarizə aparmağa tam imkan verəcək. İMEİ-şifrələrin qeydiyyatının hüquqi bazasının qüvvəyə minməsindən sonra mobil telefonlar proqram təminatı aparatına qoşulacaqlar ki, bu da oğurlanan və Azərbaycana qeyri-leqal şəkildə gətirilən telefonları söndürməyə imkan verəcək. Onu da bildirək ki,  Azərbaycanda İMEİ-şifrələrin qeydiyyatı sisteminin tətbiqi üçün əsas kimi Türkiyənin təcrübəsi götürülüb və azərbaycanlı mütəxəssislər həmin sistemlə ətraflı tanış olublar.

Türkiyədə İMEİ-şifrələrin qeydiyyatı sistemi dörd ay ərzində istismara verilib. Layihə iştirakçılarının bəyan etdikləri kimi, üç ay ərzində telefon aparatlarının oğurlanması 90 faiz azalıb.

Sistem oğurlanmış telefonun abunəçinin ərizəsindən sonra məsafədən şəbəkədən ayrılmasına və telefonun oğurlanmış və ya qeyri-leqal olması haqqında faktın təsdiqlənməsinə imkan verir. Türkiyənin hər üç operatorunda Ankarada yerləşən mərkəzlə birləşdirilmiş vahid sistem quraşdırılıb. İqtisadi baxımdan bu sərfəlidir. Çünki operatorlara sistemin ayrıca alınmasına vəsait sərf etmək lazım gəlmir. Analoji şəkildə sistemin əsas bazası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müvafiq qurumunda yerləşəcək.

Məlumat bazası Azərbaycan ərazisinə gətirilən mobil telefonların İМЕİ-şifrələri hesabına doldurulacaq. Qeydiyyat həm gömrük orqanları vasitəsilə, həm də operatorun şəbəkəyə qoşulması ilə həyata keçiriləcək.

RƏVAN





09/10/12    Çap et