Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda ilk dəfə olaraq SEN-də elektron sənəd dövriyyəsi sistemi yazılacaq
Sənaye və Energetika Nazirliyinin (SEN) rəsmi internet səhifəsi yaradılarkən “bulud” texnologiyasından istifadə olunub. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə SEN-in Elektron idarəetmə şöbəsinin böyük məsləhətçisi Rüstəm Şəfaqətov məlumat verib.
O bildirib ki, “bulud” texnologiyası bir sıra üstünlüklər qazandırıb: «Bu üstünlüklərdən də əhali istifadə edə bilər. Yəni bu üstünlüklər saytımızın istifadəçilərinə geniş imkanlar yaradır və onların vaxt itkisinin qarşısını alır.
Buna misal olaraq bildirim ki, nazirliyimizin təqdim etdiyi elektron xidmətlərdən yararlanan zaman tələb olunan sənədlərin bir hissəsi həmin an yüklənə bilər, digərlərini isə bir neçə gündən sonra da yerləşdirmək mümkündür. Daha növbəti dəfə eyni sənədləri yenidən yükləməyə ehtiyac qalmır. Biz göstərdiyimiz elektron xidmətlər zamanı əhalinin daha rahat və daha keyfiyyətli şəkildə onlardan yararlanması üçün addımlar atmağı davam etdirəcəyik».
Təmsil etdiyi nazirliyin saytının (mie.gov.az) ən azı iki dildə fəaliyyət göstərməsi üçün işlərin aparıldığını vurğulayan R.Şəfaqətov yaxın zamanlarda qurumun rəsmi internet səhifəsinin Azərbaycan və ingilis dillərində istifadəçilərin ixtiyarına buraxılacağını önə çəkib.
Azərbaycanda ilk dəfə olaraq Sənaye və Energetika Nazirliyində elektron sənəd dövriyyəsi sisteminin yazılacağını deyən R.Şəfaqətov deyib ki, bu vaxta qədər istifadə olunan sənəd dövriyyəsi sistemləri ölkəmizdə yaradılmayıb: «Biz istəyirik ki, sənəd dövriyyəsi sistemini özümüz yazaq. Çünki hazırda istifadə olunan elektron sənəd dövriyyəsi sistemləri ya Rusiyada istehsal olunub, ya da digər Avropa ölkələrində. Bütün bunlar da bizim qarşımızda duran məsələlərdəndir».
SEYMUR
10/10/12 Çap et