Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakı üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazası yaradılacaq


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən hüquqların dövlət qeydiyyatını dəstəkləyən Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılmasına başlanılıb. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi" layihəsinin ictimai təqdimatı keçirilib.

ƏMDK-nin sədr müavini Rafiq Cəlilov bildirib ki, tədbirin başlıca məqsədi Bakı şəhərində başlanacaq kadastr layihəsinin uğurla həyata keçirilməsi məqsədi ilə maraqlı tərəflər və vətəndaşlar arasında maarifləndirmə, agahlıq və izahat işlərinin aparılması, digər əlaqədar icra qurumları ilə fəaliyyətin əlaqələndirilməsi, iş prosesində dəstəyə nail olunmasından ibarətdir. O, qeyri-neft sektorunun inkişafında vacib rol oynayan və investisiya proseslərinə təkan verən Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsini əhatə edən hazırkı layihənin başlıca məqsədləri və gözlənilən nəticələr barədə ətraflı məlumat verərək deyib ki, komitə tərəfindən müasir dünya təcrübələrinə əsaslanan yeni kadastr sistemi formalaşdırılır.

«Ölkədə daşınmaz əmlakın kadastrı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün normativ-hüquqi baza yaradılır, özəl kadastr mərzçəkənlər institutu formalaşdırılır, beynəlxalq əməkdaşlıq çərçivəsində kadastr sahəsində qabaqcıl dünya təcrübəsi öyrənilir, müxtəlif beynəlxalq layihələr həyata keçirilir, ölkəmizin kadastr sisteminə ən müasir texnika və texnologiyalar gətirilir» - deyən R.Cəlilovun sözlərinə görə, artıq icrasına başlanan "Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi" layihəsi Dünya Bankının, Almaniya "KfW" Bankının və cəlb edilmiş beynəlxalq məsləhətçilərin tövsiyələri nəzərə alınmaqla hazırlanan Texniki Tapşırığa əsasən elan edilən açıq tenderin qalibi Türkiyənin "Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş" şirkəti tərəfindən həyat keçiriləcək.

12 ay ərzində həyata keçiriləcək bu layihə çərçivəsində ilk olaraq Bakı şəhərinin Sabunçu və Suraxanı rayonlarında mövcud olan daşınmaz əmlak obyektləri barədə elektron kadastr məlumat bazasının yaradılacağını söyləyən R.Cəlilov bildirib ki, bu zaman adıçəkilən rayonların rəqəmsal kadastr xəritələri tərtib ediləcəkdir: «Bu müddət ərzində həmçinin Bakı şəhərinin digər 9 rayonunun daşınmaz əmlaka dair rəqəmsal kadastr xəritələrinin tərtibi üçün zəruri kameral hazırlıq işləri görüləcəkdir.

Layihəyə əsasən, Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi nəzərdə tutulur. Bu layihənin həyata keçirilməsi daşınmaz əmlak idarəçiliyinə, inkişaf planlaşdırılmasına və şəhər təsərrüfatının səmərəli idarəetməsinə informasiya təminatı baxımından əhəmiyyətli yardım edəcəkdir. Bütün bunlar isə üz növbəsində vətəndaşlara göstərilən elektron xidmətlərin tətbiqi üçün mühüm informasiya mənbəyi olacaqdır».

Azərbaycan Hökumətinin maliyyə vəsaiti hesabına "Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi" layihəsinin müvəffəqiyyətlə başa çatmaq üzrə olduğunu vurğulayan sədr müavini bildirib ki, Azərbaycanla  Almaniya Federativ Respublikası Hökuməti arasındakı "Maliyyə Əməkdaşlığı haqqında" Sazişə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Almaniya Federativ Respublikasının "KfW" Bankı arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq Gəncə şəhərində və Şəki rayonunda "Kadastr və daşınmaz əmlakın qeydiyyatı" layihəsinin birinci fazasına dair işlər artıq yekunlaşdırılıb.

R.Cəlilovun sözlərinə görə, yaxın 3 il ərzində Sumqayıt, Bakı, Gəncə şəhərləri və Şəki rayonu üzrə "mükəmməl kadastr"ın, respublikamızın digər şəhər, rayon, qəsəbə və kəndləri üzrə isə "sadə kadastr"ın yaradılmasına nail olmaq niyyətindədirlər: «Sonrakı illərdə "mükəmməl kadastr"ın yaradılması işləri ölkənin bütün ərazisini əhatə edəcəkdir. İnkişaf etmiş ölkələrin kadastr sahəsindəki müasir təcrübələri əsasında həyata keçirilən bu kimi layihələrin nəticəsində daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı mövcud prosedurların sadələşdirilməsi, qeydiyyata sərf olunan vaxtın azaldılması, məlumatların dəqiqliyinin təmin edilməsi, bu sahədə əhaliyə göstərilən xidmət səviyyəsinin, habelə şəffaflığın və operativliyin daha da  artırılmasına, bütövlükdə elektron xidmətlərin geniş miqyasda tətbiqinə nail olunacaqdır.

Elektron kadastr məlumat bazası icra və qanunvericilik orqanlarının strukturlarını, məhkəmələri, bankları, fiziki və hüquqi şəxsləri, bələdiyyələri qanunvericilikdə müəyyən edilmiş qaydalarda dövlət tərəfindən mövcudluğu tanınmış kadastr uçotu obyektləri barədə dolğun kadastr məlumatları ilə təchiz edəcəkdir.

Bu baza ölkədə ünvan, əhali, hüquqi şəxslərin reyestri və kadastr orqanları ilə informasiya mübadiləsi aparmağa, onlara daşınmaz əmlak obyektləri ilə bağlı kadastr informasiya dəstəyi verməyə imkan yaradacaqdır».

Qeyd edək ki, ictimai təqdimatda komitənin məsul işçiləri ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Dövlət Neft Şirkətinin, "Azərsu", "Azərenerji" və "Azəriqaz" səhmdar cəmiyyətlərinin bələdiyyələr, yerli şəhər təşkilatlarının nümayəndələri iştirak ediblər. Həmçinin tədbirə komitə tərəfindən həyata keçirilən layihələrdə birgə əməkdaşlıq etdiyi beynəlxalq şirkət və təşkilatlar, layihəyə cəlb olunmuş özəl şirkətlərin nümayəndələri, habelə əmlak bazarında fəaliyyət göstərən QHT-lər iştirak ediblər.

Seymur Qasımbəyli





10/10/12    Çap et