Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Kitabxana-informasiya xidmətində elektron kataloq” adlı monoqrafiya işıq üzü görüb
AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini Cavid Cəfərovun "Kitabxana-informasiya xidmətində elektron kataloq" adlı monoqrafiyası "Proqres" nəşriyyatında çapdan çıxıb. "ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA-dan məlumat verilib. Akademiyadan bildirilib ki, monoqrafiyada kitabxana kataloqlarının elektronlaşdırılması işi tədqiq olunur, müvafiq sahədə dünya təcrübəsi öyrənilir, Azərbaycan kitabxanalarında kommunikasiyalaşma və kompüterləşmənin forma və səviyyəsi aşkara çıxarılır, elektron kataloqların yaradılması tarixi, mexanizmi, prinsip və metodları araşdırılır, kitabxanaların hibridləşməsində elektron kataloq sisteminin rolu müəyyənləşdirilir, kitabxanalarda RFID (radiotezliklə identifikasiya) və Mobil texnologiyaların tətbiqinin zəruriliyi əsaslandırılır, nitqin mətnə çevrilməsi sistemi ilə elektron kataloqun yaradılması məsələlərinə və mətnin nitqə çevrilməsi sistemi ilə kor və görmə qabiliyyəti zəif olan oxucuların elektron kataloq və elektron kitabxanaya əlyetərliyini təmin etmək imkanlarına nəzər yetirilir.
İnformasiya işçiləri və kitabxanaçılar üçün nəzərdə tutulmuş monoqrafiya növündən və təyinatından asılı olmayaraq bütün kitabxanalarda sahəvi ədəbiyyat kimi istifadə oluna bilər. Həmçinin ali məktəblərin "Elektron kataloqların yaradılması", "Kitabxana proseslərinin avtomatlaşdırılması", "Kitabxana informatikası", "Kitabxanalarda İKT-nin tətbiqi" və "Elektron kitabxanaların yaradılması" adlı ümumi kurslarında monoqrafiyadan faydalanmaq mümkündür.
Kitabın redaktoru Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfov, rəyçiləri AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Rasim Əliquliyev və filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlidir.
HƏQİQƏT
10/10/12 Çap et