Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kembric Qiymətləndirmə Şəbəkəsinə daxil olan ekspertlər İngiltərədə imtahan risklərini müzakirə edəcəklər
"Cambridge Assessment Network" (Kembric Qiymətləndirmə Şəbəkəsi) qrupuna daxil olan yerli və beynəlxalq ekspertlər İngiltərədə "Examining RISK" mövzusunda keçiriləcək beynəlxalq konfransa dəvət olunublar. Konfransın təşkilatçısı təhsilin qiymətləndirilməsi ilə məşğul olan Avropanın ən böyük təşkilatı – "Cambridge Assesment"-dir.
Azərbaycandan bu tədbirdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə iştirak edir. "ICTnews" elektron xəbər xidmətinə bu barədə TQDK-dan məlumat verilib. Komissiyadan bildirilib ki, oktyabrın 13-dək davam edən konfransda imtahanların məzmunu və təşkilati işlərlə bağlı meydana çıxa biləcək müxtəlif növ risklərin qarşısının öncədən alınması üçün zəruri olan tədbirlərə dair məruzələr dinləniləcək və bu istiqamətdə geniş müzakirələr aparılacaq.
Tədbirdə həmçinin, ayrı-ayrı ölkələrin təhsil sistemində qiymətləndirmə ilə bağlı mexanizmlər, qayda və standartlar, habelə, müxtəlif qiymətləndirmə sistemlərinin müqayisəli təhlili, müzakirəsi və uyğunlaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, "Cambridge Assesment" təşkilatı 150 ildən artıqdır ki, fəaliyyət göstərir və qiymətləndirmə sahəsi üzrə zəngin təcrübəyə malikdir.
HƏQİQƏT
11/10/12 Çap et