Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

MTN bütün rayonların elektron kataloqlarını yığmaq üçün mərkəz yaradır


«Azərbaycan Respublikası kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nın xüsusi əhəmiyyətli çap sənədlərini, nadir kitabları, diyarşünaslığa aid nəşrləri qoruyub saxlamaq və nəsillərdən-nəsillərə ötürmək  məqsədi ilə onların informasiya daşıyıcılarına köçürülməsi bəndinə uyğun olaraq bu istiqamətdə olduqca mühüm işlər görülüb. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova məlumat verib.

O bildirib ki, köhnə qəzetlərin, jurnalların elektron formada kartotekası tərtib edilir. «Əlimizdə olan xüsusi proqrama əsasən diyarşünaslığa aid nəşrləri qoruyub saxlamaq üçün oradakı məlumatlar elektron bazalara köçürülür» - deyən L.Məmmədovanın sözlərinə görə, digər yerlərdə rayonlar barəsində mini-kartoçkalar ola bilər.

Lakin geniş məlumatlar, yəni rayonlarda nəşr olunan qəzet və jurnallardakı dəyərli məlumatlar informasiya daşıyıcılarına yığılır: «Bu gün bizim əlimizdə geniş elektron informasiya bazaları vardır. Əgər kimsə, misal üçün, Balakən rayonundan yazmaq istəyirsə, daha ora getməyə lüzum qalmır. İnternetlə kitabxanaya daxil olaraq orada sizi maraqlandıran bazalara baxa və məlumatları əldə edə bilərsiz. Yeri gəlmişkən qeyd edim ki, bu bazalardan istifadə etmək yaxın zamanlarda daha da asanlaşacaq.

Çünki nazirlikdə mərkəzi baza yaradılır. Məsələn, hansısa rayonda elektrik enerjisində problem varsa və bu səbəbdən də insanlar həmin rayon haqqında elektron məlumatları əldə edə bilmirlərsə, sözügedən baza yarandıqdan sonra bu cür çətinliklər olmayacaq. Yeni yaradılacaq mərkəzdən hamısı idarə olunacaq. Mərkəz Respublika Gənclər Kitabxanasının bazasında yerləşir. Burada bütün rayonların elektron kataloqları yığılır və mütəmadi olaraq əlavələr edilir».

SEYMUR





11/10/12    Çap et