Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda standartlaşdırma üzrə informasiya-kommunikasiya texnologiyaları ilə yanaşı, bir neçə texniki komitə fəaliyyətdədir
Standartlaşdırma üzrə Milli Texniki komitələrin formalaşdırılması və onların fəaliyyətinin əlaqələndirilməsi istiqamətində hazırda bir sıra işlər aparılır.
Bu gün standartlaşdırma sahəsi üzrə müxtəlif dövlət qurumları və özəl təşkilatlarla birgə yaradılan sosial məsuliyyət, informasiya-kommunikasiya texnologiyaları, yeyinti və kənd təsərrüfatı məhsulları, neft-kimya və kimya məhsulları, mebel məhsulları, turizm, keyfiyyətin idarə olunması, ekologiya, torpağın qiymətləndirilməsi və geomatika sahələrini əhatə edən texniki komitələr fəaliyyət göstərir. Bunlardan bir neçəsi artıq İSO-nun güzgü komitələridir. Hazırda iqtisadiyyatın digər sahələrini əhatə edən texniki komitələrin yaradılması üzərində işlər aparılır.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Komitədən bildirilib ki, 14 oktyabr 1946-cı il tarixində 25 ölkənin nümayəndələri standartlaşdırma üzrə milli qurumların fəaliyyət güclərinin birləşdirilməsi və işlərinin koordinasiyasını həyata keçirmək üçün yeni təşkilatın yaradılması məqsədilə Böyük Britaniyanın London şəhərində toplaşıblar. Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) isə rəsmi olaraq bir il sonra fəaliyyətə başlayıb. Bu günün standartlaşdırma günü kimi qeyd edilməsi isə İSO-nun prezidenti Faruk Sunterin (Türkiyə) təşəbbüsü ilə 1970-ci ildən qərara alınıb. Həmin dövrdən bu gün bütün standartlaşdırma üzrə digər qlobal təşkilatlar tərəfindən də qeyd edilir. İSO-ya üzv ölkələrdən başqa Beynəlxalq Elektrotexniki Komissiya (İEC), Beynəlxalq Telekommunikasiya İttifaqı (İTU) və başqa təşkilatlar da bu günün qeyd edilməsinə xüsusi önəm verirlər.
İqtisadiyyatın inkişafında standartlaşdırmanın rolu ildən-ilə artmaqdadır. Standartlaşdırmanın əsas məqsədləri istehsalın effektivliyinin artırılması, istehlakçılara çatdırılan mal, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi, insan sağlamlığının qorunması istiqamətində təhlükəsizlik normalarının daha da təkmilləşdirilməsi, ətraf mühitin qorunması, Ümumdünya Ticarət Təşkilatına üzvlük çərçivəsində tələblərdən biri olan Ticarətdə Texniki Maneələrin aradan qaldırılmasına yardımçı olan standartların yaradılması və s.-dən ibarətdir.
Hazırda Azərbaycan Respublikasında standartlaşdırmanın inkişaf etdirilməsi, beynəlxalq standartlarla harmonizasiya, beynəlxalq tələblərə cavab verən yeni milli standartların yaradılması və standartlar fondunun genişləndirilməsi, təkmilləşdirilməsi əsas məqsədlərdəndir: “Ölkə başçısının göstəriş və tapşırıqlarına uyğun olaraq, respublikada tətbiq edilən milli standartların Avropa standartlarına uyğunlaşdırılması prosesi uğurla davam etdirilir. Azərbaycanda keyfiyyət infrastrukturunun inkişafı və tənzimlənməsi standartlaşdırma, akkreditasiya, sertifikatlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi fəaliyyət istiqamətləri vasitəsilə həyata keçirilir.
Ölkəmizdə standartlaşdırmanın inkişaf etdirilməsi və bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi, tətbiq edilməsi istiqamətində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi İSO, İEC, CEN, CENELEC, MDB üzrə Dövlətlərarası Şura (MQS), “Codex Alimentarius” Komissiyası və s. bu kimi regional və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Azərbaycan bu təşkilatlarda həm müşahidəçi, tərəfdaş üzv kimi, həm də tam üzv kimi çıxış edir. Hazırda ABŞ-ın standartlaşdırma üzrə nüfuzlu təşkilatı Sınaqlar və Materiallar üzrə Amerika Cəmiyyəti (ASTM) ilə ikitərəfli əməkdaşlıq memorandumunun imzalanması istiqamətində işlər aparılır”.
HƏQİQƏT
12/10/12 Çap et