Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
DQİDK-nın yeni rəsmi internet səhifəsi hazırlanır
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yeni rəsmi internet səhifəsi hazırlanır. Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə adıçəkilən komitənin mətbuat katibi Orxan Əli məlumat verib. O bildirib ki, hazırda sayt üzərində geniş işlər aparılır və yaxın zamanlarda ictimaiyyətin istifadəsinə təqdim olunacaq.
Yeni yaradılacaq səhifədə bir sıra yeniliklərin tətbiq olunacağını vurğulayan mətbuat katibinin sözlərinə görə, komitənin saytında ölkədə ilk dəfə olaraq Azərbaycanın dini xəritəsi yerləşdiriləcək: «Burada məscidlər, ziyarətgahlar, kilsələr, sineqoqlar, alban abidələri haqqında geniş məlumatlar olacaq. Onların fotoları, yerləşdiyi ərazilər, tarixləri barəsində informasiyalar veriləcək».
O.Əli əlavə edib ki, komitənin saytında icmalar haqqında məlumatlar da öz əksini tapacaq. Onun sözlərinə görə, bütün bunlarla yanaşı, saytda ixtisaslaşdırılmış dini dükanlarla bağlı da informasiyalar olacaq: «Yeri gəlmişkən bildirim ki, internet səhifəmiz vasitəsi ilə onlayn şəkildə komitəyə müraciət etmək üçün xüsusi bölmə yaradılacaq. Bunun vasitəsi ilə insanlar rəhbərliyə müraciət edə biləcəklər və onların qəbuluna yazıla biləcəklər».
DQİDK-nın mətbuat katibi onu da əlavə edib ki, komitənin rəsmi internet səhifəsində dini maarifləndirmə aparmaq üçün xüsusi bölmə yaradılacaq. Üstəlik, saytda adıçəkilən komitənin xəbərləri onlayn şəkildə oxuculara təqdim olunacaq: «Bununla belə, saytımızın “Facebook” və Twitter” səhifələri də fəaliyyət göstərir ki, onların da köməkliyi ilə komitənin məlumatlarının sosial şəbəkələrdə yayılmasına çalışırıq».
SEYMUR
15/10/12 Çap et