Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazir müavini Doha şəhərində keçirilən Ümumdünya Poçt İttifaqının 25-ci Konqresində iştirak etmişdir
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun başcılıq etdiyi nümayəndə heyəti BMT-nin ixtisaslaşmış agentliyi olan Ümumdünya Poçt İttifaqının (ÜPİ) Qətərin Doha şəhərində keçirilən 25-ci Konqresində iştirak etmişdir. Nazir müavini səfər çərçivəsində ÜPİ-nin Baş katibi Eduard Dayan və Qətərin Rabitə və İnformasiya Texnologiyaları Ali Şurasının Baş katibi Hessa əl Cəbir ilə görüşmüşdür.
ÜPİ-nin Baş katibi ilə görüş zamanı İ.Məmmədov Azərbaycan Poçt Administrasiyası ilə ÜPİ arasında ikitərəfli işgüzar əlaqələrin inkişafına verdiyi töhfələrə görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Fəxri fərman”ını Eduard Dayana təqdim etmişdir. Öz növbəsində Eduard Dayan göstərilən diqqətə görə minnətdarlıq edərək Azərbaycanda poçt sahəsinin inkişafı ilə əlaqədar həyata keçirilən layihələrə, o cümlədən poçt şəbəkəsində Dünya Bankının dəstəyi ilə tətbiqi uğurla başa çatmış “Poçt Maliyyə Xidmətlərinin inkişafı” layihəsinə görə ölkəmizin ÜPİ-yə üzv olan digər ölkələrə nümunə olduğunu bildirmişdir.
Qətərin Rabitə və İnformasiya Texnologiyaları Ali Şurasının Baş katibi Hessa əl Cəbir ilə keçirilən görüşdə isə, Azərbaycanla Qətər arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın təşviq edilməsi üçün İKT sahəsində gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
İ.Məmmədov xanım Hessa əl Cəbir və Eduard Dayanı cari ilin noyabr ayında Bakıda keçiriləcək “İnternet İdarəçilik Forumu” və “Bakutel-2012” sərgi-konfransına dəvət etmişdir.
15/10/12 Çap et