Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
QMKİDK elektron informasiya bazalarını təkmilləşdirir
«Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) elektron informasiya bazaları təkmilləşdirilir. Burada elə bir məlumat bazaları var ki, ondan bütün dövlət qurumları istifadə etməlidir». Bu fikirləri “ICTnews.az” elektron xəbər xidmətinin əməkdaşı ilə söhbətində QMKİDK-nın Kompüter şöbəsinin aparıcı mütəxəssisi Mahir Dadaşov söyləyib.
O bildirib ki, hazırda Tələbə Qəbulu üzrə Dövlət Komitəsi sözügedən informasiya bazasından mütəmadi olaraq istifadə edir: «Bu informasiya bazalarında status almış məcburi köçkünlər haqqında və eləcə də digər məsələlərlə bağlı olduqca vacib məlumatlar var. İstəyirik ki, dövlət qurumları bundan sərbəst şəkildə istifadə edə bilsin. Ona görə də həmin bazanın üzərində təkmilləşdirmə işləri aparırıq».
M.Dadaşov onu da əlavə edib ki, komitə əməkdaşları üçün elektron sənəd dövriyyəsində işləmək, elektron imzanı tətbiq etmək bacarıqlarının artırılması istiqamətində keçirilən kurslar başa çatıb. Onun sözlərinə görə, kursda iştirak edənlər bu həftə sertifikatla təltif olunacaqlar: «Bundan sonra isə QMKİDK-da müvafiq addımlar atılacaq. Qeyd edim ki, bu kurslarda elektron imzanın və digər elektron vasitələrinin tətbiqi ilə bağlı praktiki və nəzəri təlimlər keçirilib. Bütün bunlar da əməkdaşlarımızın bacarıqlarının artırılmasında mühüm əhəmiyyət kəsb edir».
SEYMUR
15/10/12 Çap et