Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azercell” web-mütəxəssisləri bir araya gətirdi


Azərbaycanda ilk dəfə olaraq proqramçıların təcrübə mübadiləsinə həsr olunmuş "Baku Tech Talks" layihəsi reallaşdırılır. “Azercell”in “Barama” İnnovasiya Mərkəzi və “Google Developers Group (GDG) Baku” tərəfindən reallaşdırılan proqramın əsas məqsədi informasiya texnologiyaları sahəsində təcrübəsi olan şəxsləri, şirkət nümayəndələrini bir araya gətirmək, müzakirələr yolu ilə maraqlı və faydalı məlumatları paylaşmaqdan ibarətdir.

“Azercell”in baş ofisində "Web and Mobile App Design" mövzusunda növbəti texnologiya görüşü baş tutub. Həm informasiya-kommunikasiya texnologiyaları sahəsi, həm də biznes sahəsini təmsil edən iştirakçıların müxtəlif istiqamətlərdə çalışan ekspertlərin çıxışını dinləmək, onlara öz suallarını ünvanlamaq imkanı yaranıb. Toplantıda, həmçinin, Azərbaycanda fəaliyyət göstərən dizayn studiyalarını təmsil edən mütəxəssislər təqdimatla çıxış ediblər.

Onlardan biri, “Barama” iştirakçısı, “Rahimoff Studio” dizayn şirkətinin rəhbəri Zaur Rəhimov dizayn haqqında ümumi məlumatları, ölkədə bu sahədəki mövcud durumla bağlı məlumatları səsləndirib. “Safaroff Studio” şirkətinin web-dizayneri Knyaz Yaqublu və “McCan Ericson Azerbaijan” şirkətinin mütəxəssisi Rəsul Həsənov web və mobil tətbiqetmələrin dizaynı sahəsində istifadə olunan texniki alətlər haqqında informasiyaları paylaşıblar. Tədbir zamanı Azərbaycanda web və mobil dizayn sahəsinin inkişafına dair təkliflər də müzakirəyə çıxarılıb.

Qeyd edək ki, bu görüş "Baku Tech Talks" layihəsi çərçivəsində ilk belə  müştərək tədbir deyil. İndiyə kimi “Azercell”in dəstəyilə İKT mütəxəssisləri arasında “Mobile App Talks”, "Web Talks", "Startup Talks" və digər maraqlı mövzularda texnologiya görüşləri keçirilib. "Baku Tech Talks" tədbirinə  “Mobiz.az”,  “İnfoCity” jurnalı və “Target Magazine” onlayn jurnalları dəstək verir.

RƏVAN





15/10/12    Çap et