Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Zaqatala və Balakəndə rabitə obyektlərinə dəyən ziyan aradan qaldırılır
Oktyabrın 14-də Azərbaycanın şimal-qərb bölgəsində baş verən zəlzələ ilə əlaqədar Zaqatala və Balakəndə rabitə obyektlərinə müxtəlif dərəcəli zərər dəysə də, bölgədə vətəndaşların telefon və poçt rabitəsində hər hansı problem yoxdur.
“ICTnews” elektron xəbər xidmətinə məlumat verən Zaqatala rayon Telekommunikasiya Qovşağının rəisi Məmməd Arazov rayonun Faldar, Qandax, Uzun Tala, Yol Ayrıc, Mosul, Danaçı, Aşağı Tala kəndlərində bəzi tikililərdə problem yaransa da, rabitə sahəsində hər hansı problem yaranmayıb. “Zəlzələ baş verən an operativ briqadalarımız toplaşaraq ümumi reydlər keçirildi. Stansiyaların vəziyyəti yoxlanıldı. Hələlik heç bir problem yoxdur” - deyə o bildirdi.
Zaqatala Poçtamtının rəisi Namidə Süleymanovanın bildirdiyinə görə, zəlzələdən sonra aparılan monitorinqlər zamanı poçtamtın Muxax və Qımır poçt şöbələrində iri çatlar əmələ gəldiyi müşahidə olunub.”May ayında baş verən zəlzələ zamanı adıçəkilən poçt şöbələrində təhlükəli olmayan çox kiçik çatlar əmələ gəlmişdi. Bu zəlzələdə çatlar böyüyüb” - deyə o bildirib.
“Teleradio” İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifovun verdiyi məlumata görə, zəlzələ nəticəsində birliyin Zaqatala rayon Danaçı kəndində yerləşən Radio-Televiziya Verilişləri Stansiyasının inzibati binasına qismən ziyan dəyib. ”Televiziya və radio verilişlərinin yayımında hər hansı bir problem yoxdur”- birlik rəhbəri əlavə edib.
Zəlzələnin fəsadları Balakən rayonunda daha çox özünü büruzə verib. Balakən Telekommunikasiya Qovşağının rəisi Şamil Məmmədovun “ICTnews”-a verdiyi məlumata görə, zəlzələ nəticəsində qovşağın Hənifə, Qarvəlli, Kortala, Katex, Qabaqçöl və Qazbinə kənd EATS-lərin binalarına ziyan dəyib. “Qaravəlli və Kortala kənd EATS-lərinin yerləşdiyi binalara daha çox ziyan dəyib. Binalarda iri çatlar əmələ gəlib. Bu binalar təhlükəli vəziyyətdədir. Yeni bir təkan olarsa, binalar uça bilər. Hazırda biz monitorinqlərə başlamışıq. 50-yə yaxın rabitə dirəyi aşıb, abunə xətləri qırılıb. Optik kabellərdə problem yoxdur.
Zəlzələ baş verəndən sonra bütün işçilər səfərbərdir. Əsas və alternativ xətlər işlək vəziyyətdədir. Ümumi baxış yekunlaşdıqdan sonra dəyən zərərin məbləği bilinəcək”- deyə qovşaq rəisi bildirdi. O, daha sonra əlavə edib ki, telefon rabitəsində hər hansı problem yoxdur. Bütün məlumatlar qovşağın operativ qərargahına toplanır. Operativ briqadalar fəsadların aradan qaldırılması üçün işə başlayıblar.
Balakən Poçtamtının rəisi İlqar Ömərovun bildirdiyinə görə, ötən gün baş verən zəlzələ nəticəsində poçtamtın Yeni Şərif və Qazma kənd poçt şöbələrinə ziyan dəyib.Yeni Şərif poçt şöbəsində ziyanın miqyası bir qədər böyükdür. Poçtamt rəisi poçtun adi iş qrafikində öz işini yerinə yetirdiyini bildirdi. “Poçtun mübadiləsi üzrə bütün əməliyyatların həyata keçirilməsində hər hansı fasilə baş verməyib. Məlumatların operativ şəkildə ötürülməsi təmin edilir”-deyə o bildirib.
“Aztelekom” İstehsalat Birliyindən və “Azərpoçt” MMC-dən verilən məlumata görə, bölgədə rabitə sahəsində vəziyyət tam nəzarətdədir və dəyən zərərin müəyyənləşdirilməsi və aradan qaldırılması üçün nümayəndələr bölgədədir.
Respublika Seysmoloji Xidmət Mərkəzi ötən gün ərzində Azərbaycanın şimal-qərb bölgəsində altı təkanın qeydə alınması barədə məlumat yayıb.Bu gün bölgədə daha bir neçə yeraltı təkan hiss olunub.
RƏVAN
15/10/12 Çap et