“Orta ixtisas təhsilinin vahid idarəetmə portalı”nın tətbiqinə başlanılıb
Qloballaşmanın geniş vüsət aldığı informasiya cəmiyyətində rəqabətin gücləndiyi, habelə təbii resursların tədricən tükəndiyi bir vaxtda təhsilin rolu daha da artmaqdadır. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı XXI əsri "Təhsil əsri" elan edib. Məhz bunun təzahürüdür ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da insan kapitalının formalaşmasında təhsilin rolu danılmazdır. Orta ixtisas təhsili ölkədə milli təhsil sisteminin, sanki, bir aynasına çevrilib, cəmiyyətin intellektual potensialının gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rola malikdir.
Müasir bazar münasibətləri şəraitində orta ixtisaslı mütəxəssislərdən yeni peşəkarlıq keyfiyyətləri, sistemli təfəkkür, müxtəlif sahələrdə informasiya bilikləri, biznes və sahibkarlıq mədəniyyəti, öz fəaliyyətini şüurlu şəkildə aydın, səlis təhliletmə qabiliyyəti, qeyri-müəyyənlik şəraitində müstəqil fəaliyyət göstərmək bacarığı, məsuliyyət və s. tələb edilir. Bütün bunların təzahürü olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi və "ULTRA" şirkəti tərəfindən bu kolleclər üçün "Orta ixtisas təhsilinin vahid idarəetmə portalı" yaradılıb.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə İKT İnformasiya Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, hal-hazırda bu sistemin tətbiqi üçün respublikada fəaliyyət göstərən 59 kollecin 5-də - Bakı Kompüter Kolleci, Bakı Pedaqoji Kolleci, Bakı Maliyyə-İqtisad Kolleci, Bakı Neft və Energetika Kolleci, Bakı Musiqi Kollecində hazırlıq işləri başlanıb. Qurumdan o da qeyd edilib ki, "Orta ixtisas təhsilinin vahid idarəetmə portalı" iki hissədən - Ümumi sosial sayt və Lokal sistemdən (məlumatlar bazası) ibarətdir: "Ümumi sosial sayt vasitəsi ilə siz Azərbaycanda fəaliyyət göstərən istənilən kolleclər haqqında məlumat əldə edə bilərsiniz.
Bu portalın üstünlüyü ondan ibarətdir ki, valideyn öz övladının qabiliyyətinə uyğun düzgün ixtisas seçə bilər. Həmçinin, gələcək tələbələr təhsil alacaqları kollecin tədris planı haqqında əvvəlcədən ətraflı tanış ola bilmək imkanı qazanırlar. Saytda yerləşdirilən xüsusi xəritə həmin kollecdəki fakültələr, ixtisaslar, müəllim və tələbə heyəti haqqında geniş məlumat toplamaq imkanı verir.
Bundan əlavə, kollec müəllimləri və eyni zamanda tələbələr göstərilən saytda qeydiyyatdan keçməklə, öz təklif və şərhləri ilə həmkarları arasında bölüşə bilmək imkanı qazanırlar. Lokal hissə bütün idarəetmə sistemini əhatə edir və iki proqrama bölünür: Tədris planı və kadrların idarə edilməsi". Nazirlik əməkdaşları tərəfindən tərtib olunan tədris planı daha sonra kollec direktoruna yönəldilir.
Öz növbəsində direktor bu proqramın icra olunması üçün kollecdəki məsul şəxslərə (direktor köməkçisi, tədris işləri üzrə baş müəllim, administrator) tapşırıq verir. Daha sonra müəllim tərəfindən təqvim mövzu planı tərtib edilərək, gündəlik plan və fərdi plan əsasında ümumi tədrisin idarə olunması üçün dərs cədvəli, həmçinin müəllim jurnalı işlənib hazırlanır. Hazırlanan jurnalda davamiyyət, qiymətləndirilmə və digər məlumatlar toplanılır. Və istənilən vaxt kollecdə təhsil alan tələbə bu məlumatlarla tanış ola bilər. Bundan əlavə hər semestrin sonunda tələbənin elektron qiymətləndirilmə kitabçasında il ərzində topladığı ballar, dərslərdəki davamiyyəti və son imtahan qiyməti hesablanıb yekun olaraq tələbəyə qiymət verilir.
Bundan əlavə, sistemdə tədris planı və tədris qrafiki sənədi işlənib hazırlanıb. Bu sənəd 4 il, yaxud 5 ili əhatə edir. Yəni ilin 365 günü həftələrə və günlərə bölünərək, fənlərin adları və onlara ayrılan dərs saatları tərtib olunub. Tələbələrin təhsil bazalarının artırılması məqsədi ilə Təhsil Nazirliyinin xətti ilə bu sənəddə yeni kredit saatları təklif olunub. Sistemdə əlavə olaraq kadrlar şöbəsi yaradılıb.
Bu şöbədə kollec əməkdaşların (rəhbərlik, müəllim heyəti, digər işçilər) və təhsil alan tələbələrin şəxsi işləri toplanılır: "Təhsil Nazirliyi və "ULTRA" şirkəti tərəfindən "Orta ixtisas təhsilinin vahid idarəetmə portalı"nın - təhsil prosesinin sadələşməsi, vahid plan üzrə dərslərin aparılması, davamiyyət, qiymətləndirilməyə ciddi nəzarət və sənədlərin itirilməsi, yaxud saxtalaşdırılmasının qarşısının alınması kimi üstün cəhətlərə malik olması baxımdan bu portalı orta ixtisas təhsilinin inkişafında əvəzsiz bir sistemə çevirir".
HƏQİQƏT