Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Kassini” kosmik aparatı 15 yaşını qeyd edib
“NASA”-dan verilən məlumata əsasən, “Kassini” kosmik aparatı bu bazar ertəsi 15 yaşını qeyd edib. Aparat 1997-ci il oktyabrın 15-də ABŞ-ın Florida ştatında yerləşən Hərbi Hava Qüvvələrinin (HHQ) bazasından orbitə buraxılmışdı, Saturn və onun peyklərinə doğru istiqamətlənmişdi və hazırda da orda fəaliyyət göstərir. “NASA”-nın məlumatlarına əsasən, aparat bu vaxt ərzində Günəş sistemi üzrə 6,1 milyard kilometr (km) məsafə qət edib.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “NASA”-ya göndərilmiş informasiyanın həcmi hazırda 444 qiqabayt təşkil edir. 300 min planet və peykin fotosu çəkilib. “Kassini” kosmik aparatının məlumatları əsasında 2500-dən çox elmi məqalə dərc edilib.
Aparat Saturn planetinə uçduqda sürət yığmaq üçün 3 planetin cazibə sahəsindən istifadə edib. O, 1998-99-cu illərdə 2 dəfə Venera planetinin yaxınlığından uçub. 1999-cu ilin avqustunda saatda 69 min km sürətlə Yer kürəsinin yaxınlığından keçib, 2000-ci ilin qışında isə Yupiterin yaxınlığından uçaraq onun fotosunu Yer kürəsinə göndərib.
2008-ci ildə “NASA” "Kassini" aparatının missiyasını 2010-cu ilədək, bu müddət bitdikdə isə 2017-ci ilədək uzadıb.
“Kassini” kosmik aparatının start zamanı çəkisi 5710 kq təşkil edib. Aparatda 445 Nyuton gücündə 2 əsas reaktiv mühərrik quraşdırılıb.
Aparatı elektrik enerjisi ilə təmin etmək üçün o, 3 ədəd plutonium termoelektrik generatoru ilə komplektləşdirilib. Kassininin orbital modulunda 12 ədəd elmi cihaz yerləşdirilib.
EMİL
16/10/12 Çap et