Azadlıqdan məhkum edilmiş qadınlar da elektron xidmətlərlə bağlı məlumatlandırılıb
İqtisadi İnkişaf Nazirliyinin həyata keçirdiyi elektron xidmətlərlə bağlı bu dəfə də 4 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhkum edilmiş qadınlar məlumatlandırılıb. Belə ki, İqtisadi İnkişaf Nazirliyinin və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə 4 saylı cəzaçəkmə müəssisəsində “Biznes-planların və investisiya layihələrinin hazırlanması”, “Biznesin əsasları, təşkili və idarə edilməsi” mövzularında treninqlər keçirilib.
Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, 4 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları, eləcə də azadlıqdan məhkum edilmiş qadınlar iştirak edib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, treninqdə İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “
http://www.icazeler.gov.az/,
http://www.b2b.az/” elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb. Bundan başqa, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planına uyğun olaraq keçirilən tədbirdə iştirakçılara biznesin mahiyyəti, biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq tədbirləri, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib. “Biznes-planların və investisiya layihələrinin hazırlanması”, “Biznesin əsasları, təşkili və idarə edilməsi” mövzularında təqdimatlar keçirilib.
HƏQİQƏT