Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məhkumların telefonla danışmasına icazə verilib


Bu gün Milli Məclisdə Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, vaxtilə bu məcəlləyə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən məhkumların yazışması məsələsini daxil etmişdik.

Əli Hüseynli bildirib ki, indi isə bu yöndə daha bir mütərəqqi addım atılaraq, məhkumların telefonla danışmasına icazə verilir. Onun sözlərinə görə, müəyyən müddətə azadlıqdan məhkum edilən şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum edilən şəxslər isə həftədə bir dəfə 15 dəqiqə olmaqla telefonla danışmaq hüququ qazanırlar. Şəhərlərarası telefon danışıqlarının haqqı məhkumun şəxsi vəsaiti hesabına və ya yaxın qohumu tərəfindən ödənilir.

Texniki imkanlar olmadıqda bir telefon danışığı bir qısamüddətli görüşlə əvəz edilə bilər: “Cinayətin təqibinin, cəzanın icrası prosesində ictimai qaydanın, təhlükəsizliyin və rejim tələblərinin təmin edilməsi, yeni cinayətlərin və digər hüquqpozmaların törədilməsinin qarşısının alınması, onlardan zərərçəkmiş şəxslərin müdafiəsi zərurəti yarandıqda cəzaçəkmə müəssisəsi müdiriyyətinin əsaslandırılmış qərarı ilə məhkumların telefon danışıqlarına nəzarət edilir.

Eyni zamanda tənbeh tədbiri kimi intizam və ya cərimə təcridxanalarında, kamera tipli otaqlarda və birnəfərlik kameralarda saxlanılan məhkumların telefon danışıqlarına yalnız müstəsna hallarda icazə verilə bilər. Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar arasında yaxın qohumlar istisna olmaqla, telefon danışıqlarına icazə verilmir”.Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

RƏVAN






16/10/12    Çap et