Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tağı Əhmədov: «Hər şey kompüterləşdiyi üçün maşinist istəsə belə, heç bir səhvə yol verə bilməz»


«Metroda baş verən hadisələrlə bağlı hər gün saat 20:00-da mənə məlumat verilir. Allah eləməsin, hansısa pis bir hadisə olarsa, dərhal məlumatlandırılıram. Əslində metroda xırda problem anlayışı yoxdu. İndi sənə xırda görünən problem 1 dəqiqə sonra böyük bir fəlakətə çevrilə bilər.

Ən xırda detalı belə diqqətdən qaçırmamaq üçün metroda 3200-ə yaxın kamera quraşdırılıb». "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Bakı Metropoliteninin rəisi Tağı Əhmədov mətbuata verdiyi müsahibəsində səsləndirib. O bildirib ki, sözügedən kameraların 36-sı vestibüllərdə qoyulub. Bu da üzdən tanımaya xidmət edir: «Kim axtarışdadırsa, metrodan keçəndə monitorda həyəcan siqnalı verilir.

Çox sağ olsun prezidentimiz, hökumətimiz ki, bu işi qurmaq üçün vəsait ayrıldı. Mən həm qürur duyuram, həm də sevinirəm ki, bu sistem ilk dəfə Bakı Metropolitenində tətbiq olunub. Dünyanın müxtəlif yerlərindən mühəndislər gəlib burada təcrübə keçirlər. "Dərnəgül" stansiyasının açılışında hörmətli prezidentimizə də nümayiş etdirdik ki, belə bir sistem tətbiq etmişik. Ən böyük arzum idi ki, belə bir sistem quraq.

Biz müharibə şəraitində yaşayan ölkəyik. Ətrafımızda düşmənlər var. Heç gizlətmədən deyə bilərəm ki, istər şərqdən, istər cənubdan, istərsə də digər tərəflərdən düşmənlə əhatə olunmuşuq. Buna görə də təhlükəsizlik məsələsində xüsusilə diqqətli olmalıyıq».

T.Əhmədov onu da bildirib ki, texnologiyaların inkişafı maşinistlərin də işlərini xeyli asanlaşdırıb: «Maşinist işi yüksək məsuliyyət, diqqət tələb edən işdir. Düzdür, texnologiyanın inkişafı onların işini xeyli asanlaşdırıb. Bu gün maşinist istəsə belə, heç bir səhvə yol verə bilməz. Çünki hər şey kompüterləşib. Sən də o proqrama uyğun getməlisən».

SEYMUR





17/10/12    Çap et