Gəncədə əlil qadınlar üçün elektron xidmətlərlə bağlı treninqlər keçirilib
İqtisadi İnkişaf Nazirliyi elektron xidmətlərlə bağlı növbəti tədbirini də qadınlar üçün keçirib. Amma Gəncə şəhərində İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin və Gəncə Şəhər Məşğulluq İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən budəfəki tədbirdə əlil qadınlar iştirak edib.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, onlar üçün nəzərdə tutulmuş “Öz biznes ideyanı yarat və öz biznesinə başla” və “İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzuları üzrə treninqlərdə Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin, Gəncə Şəhər Məşğulluq İdarəsinin, Azərbaycan Əlil Qadınlar Cəmiyyəti Gəncə Şəhər şöbəsinin əməkdaşları və 20-dən çox əlil qadın iştirak ediblər. Treninqlərdə iştirakçılara biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, “SWOT” təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib.
Tədbirdə həmçinin, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “
http://www.icazeler.gov.az/”, “
http://www.b2b.az/” elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb. Treninqlər çərçivəsində sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.
HƏQİQƏT