Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kompüterlər istifadəçinin əhval-ruhiyyəsini hiss etməyi “öyrənir”
Alimlər insanın üz ifadəsinə görə onun emosiyasını təyin edə bilən proqramın yaradılması üzərində çalışırlar. Əgər mütəxəssislər bu işdə uğur əldə etsələr, kompüterlər yalnız istifadəçinin əhval-ruhiyyəsinə uyğun olaraq sazlanmayacaq, həm də autistlərin ünsiyyətə uyğunlaşmasında yardımçı olacaq.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, insanlar bir-birlərinin emosiyalarını kifayət qədər yaxşı anlayırlar. Biz yüzlərlə ən müxtəlif hissləri anlamağa qadirik, lakin kompüter hələ ki hətta ən sadə hissləri belə müəyyən edə bilmir. "Rəqəmli ünsiyyət dünyası emosiyaların ötürülməsinin bir çox üsullarından məhrum edilib. Bizim layihəmiz bunu dəyişdirə biləcək" – Massaçusets Texnologiya İnstitutunda emosiyaların rəqəmləşdirilməsi üzrə tədqiqat qrupunun direktoru Rozalinda Pikard bildirib.
Qeyd edək ki, layihə çərçivəsində artıq Asperger (autizmin yüngül forması) sindromundan əziyyət çəkən insanlar üçün xüsusi eynək yaradılıb. Həmin eynəklər işıq siqnalları vasitəsilə istifadəçiyə danışdığı şəxsi yorduğu barədə xəbərdarlıq edir. Belə ki, qurğu həmsöhbətdə sıxıntı əlamətləri müəyyən etdikdə sarı lampa, ünsiyyətdən tam yorulduqda qırmızı lampa yanır.
EMİL
18/10/12 Çap et