Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın Maliyyə Nazirliyinin “Xəzinədarlığın İnformasiya İdarəedilməsi Sistemi” mükafata layiq görülüb
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində tətbiq edilən "Xəzinədarlığın İnformasiya İdarəedilməsi Sistemi" (XİİS) layihəsi Almaniyanın "SAP AG" şirkəti tərəfindən "SAP Quality Award 2012 for CİS" (Gold Winner) Qızıl Mükafatına layiq görülüb.
"ICTnews" elektron xəbər xidmətinin Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, nazirliyin Dövlət Xəzinədarlığı Agentliyində dünya miqyasında geniş tətbiq edilən, biznes proseslərinin idarə olunmasında mütərəqqi proqram təminatı hesab edilən "SAP ERP" həlli əsasında "Xəzinədarlığın İnformasiya İdarəedilməsi Sistemi" tətbiq olunub.
Dövlət Xəzinədarlığında maliyyə əməliyyatlarının avtomatlaşdırılması məqsədini daşıyan sistem Almaniyanın "SAP AG" şirkəti tərəfindən keçirilən MDB ölkələrində "Böyük şirkətlərdə SAP proqram təminatının tətbiq edilməsi" kateqoriyası üzrə müsabiqədə qalib gəlib və "SAP Quality Award 2012 for CİS" (Gold Winner) Qızıl Mükafatına layiq görülüb. Qiymətləndirmənin kriteriyalarına SAP-ın keyfiyyət prinsipinə əməl olunması parametri, effektivlik, həmçinin layihələrin unikal xüsusiyyətləri nəzərə alınmaqla tətbiqin rentabelliyi və məcmu dəyəri kimi əsas göstəricilər daxil olunur.
İnformasiya Sisteminin yaradılmasının əsas hədəfləri xəzinədarlıq vasitəsilə büdcə xərclərinin icra mexanizminin təkmilləşdirilməsi, dövlət büdcəsinə daxil olan vəsaitlərin avtomatik uçotunun qurulması, onların daha səmərəli istifadə edilməsi, bu sahədə şəffaflığın artırılması, risklərin minimallaşdırılması və pul vəsaitlərinin çevik idarə olunması, məlumatların daha operativ emal edilməsindən ibarətdir.
"SAP AG" şirkəti idarəetmədə tətbiq olunan proqram təminatı üzrə dünyanın qabaqcıl şirkətlərindən biri olaraq 25-dən artıq sahədə xidmət göstərir. Şirkətin 120 ölkədə 82000-dən çox müştərisi mövcuddur.
CAHANGİR
19/10/12 Çap et