Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakının mərkəzində telefon şkafları ləğv edilib


Bakının telekommunikasiya şəbəkəsi günü-gündən inkişaf etməkdədir. Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin “2011-2013-ci illərdə Bakı şəhərinin kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın təsdiq olunmasına dair imzaladığı sərəncama uyğun olaraq hazırlanan tədbirlər planının icrası yüksək səviyyədə davam edir.

Tədbirlər planının rabitə və informasiya texnologiyaları bölümünə uyğun olaraq Bakıətrafı qəsəbələrində mövcud olan elektron ATS-lərin yeni nəsil şəbəkə avadanlığı əsasında yenidən rekonstruksiyası nəzərdə tutulub.

Bunun üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Bakının rayonları üzrə konkret obyektlər göstərilməklə tədbirlər planı təsdiq olunub. Bakıətrafı yaşayış məntəqələrində sakinlərə keyfiyyətli rabitə xidməti ilə yanaşı, yüksək keyfiyyətli internet xidmətləri göstərilməsi nəzərdə tutulur.Şəbəkənin alternativliyi təmin olunub

 Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Rəsul Qurbanov  “Rabitə dünyası” qəzetinə verdiyi geniş açıqlamada bildirdi ki, vətəndaşlara müasir multimedia xidmətlərinin göstərilməsi üçün şəbəkə ən müasir NGN texnologiyası əsasında qurulur. Yeni nəsil şəbəkə texnologiyası istifadəçilərə telefon rabitəsindən başqa, video və mətn verilişi xidmətlərini də təqdim edir.

Bu yeni şəbəkənin tətbiqi abunəçilərə rahat rabitə ilə yanaşı, ilk növbədə abunəçilər NGN texnologiyası sayəsində kifayət qədər sürətli internetlə təmin olunurlar. Bundan başqa internet üzərindən daha rahat və keyfiyyətli şəkildə televiziya kanallarını izləyə bilirlər. Həmçinin adi telefonları virtual telefon nömrələri kimi NGN texnologiyası sayəsində yenə internet üzərindən istifadə etmək olur. Həmçinin, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin şəbəkəsində tətbiq olunan yeni nəsil NGN texnologiyalarının imkanlarından istifadə etməklə, «IAD», «IP-TV», «IP Console», «Centrex», «VPN» və digər bu kimi genişzolaqlı multimedia xidmətlərinin göstərilməsi həyata keçirilir.

Bu məqsədlə də Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin transmissiya şəbəkəsi ümumi uzunluğu 2000 km-dən çox olan optik kabel üzərində qurulub. Şəbəkənin istənilən ATS-i istiqamətində isə rabitənin alternativliyi təmin olunub. Bu sahədə mövcud konfiqurasiyanın daha da təkmilləşdirilməsi, bütün istiqamətlər üzrə alternativliyinin təmin edilməsi üçün işlər davam etdirilir. Ələt istiqamətinin ardınca  Pirallahı istiqamətində artıq optik kabelin çəkilişi və istismara verilməsi başa çatdırılıb.

Bakının mərkəzində telefon şkafları ləğv edilib.Hal-hazırda Bakıda telefon abunəçilərinin sayı 800 minə yaxınlaşır. Bakı Şəhər Telefon Şəbəkəsində son illər aparılmış rekonstruksiya işləri və ən yeni texnologiyaların tətbiqi nəticəsində paytaxtın ümumi istifadəli telefon şəbəkəsi Avropa standartlarına uyğun qurulub. Burada “ONU” avadanlıqlarının tətbiqini xüsusi qeyd etmək lazımdır.  Belə ki, son mil probleminin həlli ilə əlaqədar yeni tikilmiş hündürmərtəbəli binalarda optik şəbəkə avadanlıqları qurularaq abunəçi xəttinin uzunluğu dəfələrlə azaldılmış, nəticədə istifadəçilərə keyfiyyətli (sürətli) multimedia xidmətləri göstərilməsi təmin edilib.

Bu istiqamətdə texniki siyasətin davam etdirildiyini bildirən texniki direktor daha sonra qeyd etdi ki, paytaxtın mərkəzi hissəsinə xidmət edən Xətai Telefon Qovşağının xidmət ərazisində, EATS-412-də 640 portluq ZTE tipli ADSL avadanlığı qurulub. İşlərin tərkib hissəsi olaraq  EATS-411-də 576 portluq “Zuxel” 348 portluq ZTE tipli ADSL avadanlıqla, EATS 440/441-də 640 nömrəlik  köhnə buraxılışlı “Huawei” tipli stansiya 3056 nömrəlik NGN tipli stansiya ilə əvəzlənərək ətrafda olan 6 abunəçi şkafı ləğv edilərək rabitə onun üzərinə köçürülüb. Bundan başqa EATS 566/567-də stansiyadan  5 kilometr uzaqlıqda olan şkafların abunəçiləri “Samary-x” tipli 2 ədəd 384 portluq (bütün abunəçilərin ADSL-lə təmin edilmə imkanlığı olan) “ONU” avadanlığının üzərinə köçürülüb.
Bakıətrafı kənd və qəsəbələrdə NGN texnologiyası

R.Qurbanov daha sonra qeyd etdi ki, Xəzər rayonunda İKT sahəsində bir sıra işlər görülüb. Rayon ərazisində Dübəndi bağlar massivində yeni ATS binası tikilib, tutumu 896 nömrə olan NGN tipli ATS abunəçilərin istifadəsinə verilib. EATS-453 Bilgəhin də yeni binası tikilərək tutumu 352 nömrə artırılaraq yeni NGN tipli stansiya ilə əvəz edilib. Ümumilikdə stansiyanın tutumu 1888 nömrəyə çatdırılıb. Bundan başqa Zugulbada 416 nömrəlik yeni NGN tipli EATS istifadəyə verilib. EATS-453 Buzovnanın tutumu 512 nömrə artırılaraq 1152 ADSL portu istifadəyə verilib. EATS 453 Albalılıq qəsəbəsində isə 512 ADSL portu istifadəyə verilib. EATS-456 Binənin tutumu 256 nömrə artırılaraq ümumi tutum 7168 nömrəyə çatdırılaraq 1472 ADSL portu istifadəyə verilib. EATS 556 “ONU-2”-nin tutumu 632 nömrə artırılaraq  yeni NGN tipli EATS-lə əvəz olunub. EATS 456/556 Hövsan südçülüyün tutumu 480 nömrə artırılaraq 576 ADSL portu istifadəyə verilib.

Texniki direktor daha sonra sözlərinə davam edərək bildirdi ki, EATS-554 1888 nömrəlik yeni NGN tipli EATS-lə əvəz olunub. Bakının ən böyük Mərdəkan və ətraf yaşayış məntəqələrini əhatə edən EATS 454/554-də 3280 ADSL portu istifadəyə verilib. Şağanda olan EATS 459-un tutumu 512 nömrə artırılmaqla 456 ADSL portu istifadəyə verilib. Buna müvafiq olaraq Hacı Mövlan yaşayış sahəsində EATS 554-ün tutumu 512 nömrə artırılmaqla  256 ADSL portu istifadəyə verilib.

 R.Qurbanov sözlərinə əlavə edərək daha sonra bildirdi ki, Gürgan qəsəbəsində də NGN texnologiyalı 512 nömrə tutumlu  müasir stansiya istifadəyə verilib. Yuxarıda qeyd edildiyi kimi, optik kabel xəttinin Zirə və oradan da Pirallahı qəsəbəsinə çəkilməsi adıçəkilən yerlərlə yanaşı, ətraf yaşayış məntəqələrində müasir informasiya və kommunikasiya texnologiyalarının əsası qoyulub.

 Əhaliyə yüksək keyfiyyətli telefon rabitə xidməti ilə yanaşı, sürətli internet xidməti ilə təmin edilməsi məqsədilə Xətai TQ-nın ərazisində olduğu kimi optik kabel üzərindən EATS-454-ün ərazisində 380 nömrəlik 1 ədəd, EATS-459 Şağanın ərazisində isə 380 və 128 nömrəlik 2 ədəd “SMART-AX” şkafları quraşdırılıb.

Xəzər TQ-nın ərazisində optik kabel vasitəsilə 19 ədəd İAD avadanlığı quraşdırılaraq abunəçilərə müasir multimedia xidmətləri təklif olunur.





20/10/12    Çap et