Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
RİTN-də korrupsiyaya qarşı mübarizə və “Açıq Hökumət”in təşviqinə dair tədbirlər planı hazırlanıb
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək üçün yeni əmr imzalayıb.
Əmrə əsasən, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə bilavasitə aid bəndlərinin icrasına dair 2012-2013-cü illərdə icrasına dair İş Planı” təsdiqlənib. Həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbələrinə, birlik və müəssisələrinə İş Planında nəzərdə tutulmuş bəndlərin vaxtında icra olunmasını təmin etmək tapşırılıb.
2012-2013-cü illər üzrə İş Planına gəlincə, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq informasiya əldə edilməsi asanlaşdırılmalıdır. Bu məqsədlə 2012-2014-cü illər ərzində dövlət qurumlarında informasiya azadlığı üzrə məsul şəxslərin müəyyən edilməsi, informasiya azadlığı ilə bağlı daxili icraat qaydalarının qəbul edilməsi və bu barədə ictimaiyyətin məlumatlandırılması həyata keçirilməlidir.
Dövlət qurumlarında informasiya azadlığı üzrə məsul şəxslərin müəyyən edilməsi isə bu il ərzində tamamlanmalıdır. 2012-2013-cü illərdə informasiya azadlığı ilə bağlı daxili icraat qaydalarının hazırlanması və təsdiq edilməsi, gələn il ictimaiyyətin məlumatlandırılması, 2012-2014-cü illərdə informasiya azadlığının təmin edilməsi məqsədi ilə məsul dövlət qulluqçuları üçün ətraflı treninqlərin keçirilməsi, gələn il RİTN-in məsul dövlət qulluqçuları üçün informasiya azadlığı ilə bağlı treninqlərin keçirilməsi nəzərdə tutulur.
Bundan başqa, sözügedən sahədə Milli Fəaliyyət Planı dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsini də əks etdirir. Bu məqsədlə nəzərdə tutulan işlər sırasında dövlət orqanlarının öz fəaliyyəti barədə məlumatları mütəmadi, yenilənmiş əsaslarla internet səhifələrində yerləşdirməsi, həmçinin RİTN-in fəaliyyəti barədə məlumatları mütəmadi, yenilənmiş əsaslarla internet səhifələrində yerləşdirməsi kimi tədbirlər yer alıb.
2012-2015-ci illər ərzində dövlət orqanlarının öz fəaliyyəti barədə illik məruzələr tərtib etməsi və internet səhifələrində açıqlaması, ildə bir dəfə RİTN-in fəaliyyəti barədə illik hesabatların hazırlanması və nazirliyin rəsmi internet saytında yerləşdirilməsi, 2012-2015-ci illərdə dövlət orqanlarının öz fəaliyyəti barədə mətbuat konfransları və ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlər keçirməsi, rübdə bir dəfə RİTN-in fəaliyyəti barədə mətbuat konfransları və ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlər keçirməsi, mütəmadi olaraq “Elektron hökumət” portalında ictimai əhəmiyyət kəsb edən qanun layihələrinin hazırlanması prosesinə vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb edilməsi, ictimai dinləmələrin keçirilməsi, elektron xidmətlər göstərilməsi üzrə qiymətləndirmənin həyata keçirilməsi və ictimaiyyətə açıqlanması, ildə bir dəfə RİTN tərəfindən təqdim edilən e-xidmətlər barədə ictimai təqdimatların keçirilməsi, “Açıq Hökumət Tərəfdaşlığı” çərçivəsində öhdəliklərin icrası istiqamətində zəruri tədbirlərin davam etdirilməsi, “Açıq Hökumət Tərəfdaşlığı” çərçivəsində RİTN-ə aid öhdəliklərin icrası istiqamətində zəruri tədbirlərin görülməsi və s. kimi tədbirlər nəzərdə tutulub.
“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq isə 2012-2015-ci illərdə dövlət qurumlarının rəhbərləri tərəfindən mütəmadi olaraq vətəndaşların birbaşa, o cümlədən səyyar qəbulunun təşkili, qrafik üzrə RİTN-in rəhbərliyi tərəfindən vətəndaşların qəbulu, 2013-2014-cü illərdə ərizə və şikayətlərin elektron qaydada qəbulu və rəsmi cavablandırılması işinin təkmilləşdirilməsi, cari il ərzində RİTN-in rəsmi saytında ərizə və şikayətlərin elektron qaydada qəbulu və rəsmi cavablandırılmasının təşkili həyata keçirilməlidir.
Bundan başqa, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində 2013-cü ildə idarənin dövlət orqanlarının informasiya sistemləri, məlumat bazaları və reyestrlərindən qanunvericiliklə müəyyən edilmiş qaydada, real vaxt rejimində istifadəsinin təmin edilməsi üzrə tədbirlər görülməsi, RİTN-in məlumat bazaları və reyestrlərindən qanunvericiliklə müəyyən edilmiş qaydada informasiyanın real vaxt rejimində istifadəsinin təmin edilməsi, maraqlar toqquşmasının qarşısının alınması və maliyyə xarakterli məlumatlar haqqında bəyannamələrin təqdim edilməsi istiqamətində 2013-2015-ci illər ərzində maraqlar toqquşmasının qarşısının alınması üzrə treninqlərin təşkili, həmçinin RİTN-də maraqlar toqquşmasının qarşısının alınması üzrə treninqlərin təşkili və s. nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
22/10/12 Çap et