Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elmi İnnovasiyalar Mərkəzi innovasiya və informasiya ixtisasları üzrə kadr hazırlığını həyata keçirir
AMEA-nın Elmi İnnovasiyalar Mərkəzi (EİM) Odessa Milli Hüquq Akademiyasının Kiyev şəhərindəki Əqli Mülkiyyət İnstitutu ilə son illərdə aparılan əməkdaşlıq müqaviləsi əsasında innovasiya və informasiya ixtisasları üzrə kadr hazırlığını həyata keçirir. Müqavilədə nəzərdə tutulan istiqamətlərdən biri də “Müasir şəraitdə informasiya-analitik fəaliyyətin təşkili” üzrə ixtisasartırma kurslarının təşkilidir.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA-nın Elmi İnnovasiyalar Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, bu kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara Odessa Milli Hüquq Akademiyasının Kiyev şəhərindəki Əqli Mülkiyyət İnstitutunun, qəbul edilmiş formada şəhadətnaməsi veriləcək: “Kursla əlaqədar dərslər xarici mütəxəssislər də dəvət olunmaqla Elmi İnnovasiyalar Mərkəzində təşkil ediləcək.
“Müasir şəraitdə informasiya-analitik fəaliyyətin təşkili” ixtisasartırma kurslarının təhsil-tematik planına “İnformasiya və bilik innovasiya iqtisadiyyatının strateji resursudur”, “Əqli mülkiyyətin, innovasiya fəaliyyətinin və texnologiyaların transferinin əsasları”, “İnformasiya-analitik fəaliyyətin metodologiyası”, “Təşkilati strukturlarda informasiya-analitik fəaliyyətin təşkili və metodikası”, “Məlumatlar (verilənlər) bazasının yaradılması və məlumatların işlənməsi texnologiyası”, “Patent-konyuktur tədqiqatlar və əqli mülkiyyətin qorunmasının informasiya-analitik təminatı”, “Elmi-texniki sferalarda sənədli informasiya arxivlərinin yaradılması”, “Elmi-texniki və informasiya sferalarında beynəlxalq əməkdaşlığın prinsipləri”, “İnformasiya-analitik xidmət sahəsinin reklam-marketinq fəaliyyəti” kimi mövzular daxildir”. Bundan başqa, kurslarda “Biliyə nəzarət”, “Respublikada aparılan elmi-tədqiqat və təcrübi konstruktor işlərinin dövlət qeydiyyatı və fondlaşdırılması” mövzuları da daxil edilib.
HƏQİQƏT
22/10/12 Çap et