Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyada ilk dəfə robot vasitəsilə açıq ürək əməliyyatı aparılıb
Cərrahlar Britaniyada “Da Vinci” tibbi robotu vasitəsilə dünyada birinci açıq ürək əməliyyatı həyata keçiriblər. Bildirək ki, “Da Vinci” robot-cərrahı 4 manipulyatorla təchiz edilmiş yarı avtonom robotdur. Robot manipulyator vasitəsilə əməliyyat zamanı hərəkətlər ardıcıllığını yerinə yetirir. Cərrahlar əməliyyatın gedişini monitorda izləyirlər və istənilən an manipulyatorları özləri idarə edə və ya ümumiyyətlə, robotu deaktiv edə bilərlər.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Da Vinci” robotu vasitəsilə 22 yaşlı Natali Consun ürəyində əməliyyat həyata keçirilib.
Qəribə olsa da, həkimlər iddia edirlər ki, robot vasitəsilə açıq ürək əməliyyatı həyata keçirmək təcrübəli cərrahın əlləri ilə müqayisədə daha təhlükəsizdir. Bunun bir neçə səbəbi var. Birincisi, robotun manipulyatorları xəstənin qabırğaları arasına daxil ola bilər və bunun üçün adətən tətbiq edilən qabırğaların aralanması üsulundan istifadəyə ehtiyac qalmır. İkincisi, robot hərəkətləri 0,1 millimetr dəqiqliklə yerinə yetirməyə “qadirdir”. Lakin bu, insan əlilə mümkün deyil.
Robot vasitəsilə aparılan açıq ürək əməliyyatı 9 saat davam edib. Xəstə bildirib ki, ona robot vasitəsilə əməliyyat olunmağı təklif etdikdə qorxmuşdu, lakin robot-cərrahın bütün üstünlükləri izah edildikdən sonra seçim məhz “Da Vinci” olub.
Məlumat üçün bildirək ki, “Da Vinçi” robotu bundan əvvəl artıq ürək əməliyyatı həyata keçirmişdi. Belə ki, robot 43 yaşlı kişinin mitral qapağının bərpası ilə məşğul olmuşdu.
EMİL
23/10/12 Çap et