Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” “Apple” şirkətinə “LCD” tədarükünü dayandıracaq


Cənubi Koreyanın "Samsung" şirkəti 2013-cü ildən etibarən Amerikanın "Apple" şirkətinə “LCD” tədarükünü dayandıracağı haqqında bəyan edib. Şirkətin nümayəndəsi bildirib ki, “Samsung” artıq onları əvvəlki kimi böyük endirimlərlə sata bilmir.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, "Samsung" artıq “LCD” ekranların tədarük həcmini azaldıb və gələn ilin əvvəlində bu istiqamət üzrə aparılan işləri tamamilə dayandıracaq.

Qeyd edək ki, 2012-ci ilin birinci yarısında "Apple" şirkəti Cənubi Koreya şirkətindən 15 milyondan çox ekran satın alıb. Lakin üçüncü rübdə tədarüklərin həcmi 3 milyonadək azalıb, "Samsung" dördüncü rübdə cəmisi 1,5 milyon ekran satmağı planlaşdırır. Cənubi Koreya firması "Apple" şirkəti ilə imzalanmış müqavilə müddətinin artırılmasından imtinanı patent “müharibə”si ilə əlaqələndirməyib.

EMİL





23/10/12    Çap et