Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sənaye və Energetika Nazirliyi KÖMİS sisteminə qoşulur
“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının icrası ilə əlaqədar Nazirlər Kabinetinin 7 iyun 2011-ci il tarixli 147 nömrəli Sərəncamının 3-cü bəndinə müvafiq olaraq cari ilin sentyabr ayı üçün Sənaye və Energetika Nazirliyində (SEN) bir sıra işlər görülüb.
Bu barədə SEN-in Elektron idarəetmə şöbəsinin böyük məsləhətçisi Rüstəm Şəfaqətovun “ICTnews” elektron xəbər xidmətinə bildirdiyinə görə, adıçəkilən nazirliyin səlahiyyətlərinə uyğun olaraq elektron xidmətlər göstərilməsi üçün rəsmi internet informasiya ehtiyatında xüsusi elektron xidmət bölməsi yaradılıb.
Onun sözlərinə görə, sözügedən fərmanın 2.2 bəndinə uyğun olaraq elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adı, tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin elektron forması yerləşdirilib, şəxslərin həmin bölmədən sərbəst, maneəsiz istifadəsi təmin edilib: «Fərmanın 2.3 bəndinin icrası üçün işlər görülməkdədir.
Belə ki, iki xidmət növü üzrə əhalidən elektron müraciətlərin qəbul edilməsi üçün müvafiq proqram təminatı artıq hazırlanıb. Hazırda sonrakı dörd xidmət növünün və cavablandırma sisteminin proqram təminatı hazırlanmaqdadır.
Onu da bildirək ki, həmin Fərmanın 2.4 bəndinin icrası məqsədi ilə dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarına girişin təmin edilməsi məqsədi ilə EHDİS sisteminə qoşulmaq üçün Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə danışıqlar aparılıb, hazırda texnoloji məsələlər həll edilməkdədir.
R.Şəfaqətov əlavə edib ki, dövlət başçısının sözügedən Fərmanının 2.5-ci bəndinin icrasının təmin edilməsi ilə əlaqədar Sənaye və Energetika Nazirliyi KÖMİS sisteminə qoşulmaq üçün Mərkəzi Bankın müvafiq qurumu ilə danışıqlar aparılıb, hazırda qarşı tərəfin hazırlığı gözlənilir.
Onun sözlərinə görə, elektron xidmət bölməsi vasitəsi ilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədi ilə zəruri texniki təhlükəsizlik tədbirləri mütəmadi olaraq həyata keçirilir: «Əlavə olaraq onu da bildirim ki, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli 654 saylı “Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanının icrası ilə əlaqədar olaraq Xüsusi Dövlət Mühafizə Xidmətinə (XDMX) müraciət edilib, “sen.gov.az” domeni Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi üçün ayrılıb, həmin domendə yeni sayt hazırlanıb və XDMX-nin serverlərində yerləşdirilib. Sənaye və Energetika Nazirliyinin daxilində elektron sənəd dövriyyəsinin təşkili üçün metodik işlər aparılıb, müvafiq proqram təminatının hazırlanmasına başlanılıb».
SEYMUR
23/10/12 Çap et