Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Hər zaman məktubları elektron formada paylaşın”
“Hər zaman məktubları elektron formada paylaşın. Printer vasitəsilə çap etdikdə vərəqin hər iki tərəfini istifadə edin. İkitərəfli çap edilmiş 1 ton ofis kağızı ən azı 10 ağacı “xilas edə” bilər. Uzunömürlü avadanlıqlar alın ki, uzun müddət istifadə edə biləsiniz”. Bunlar tullantıların azaldılması ilə bağlı “Təmiz Şəhər” ASC-nin istimaiyyətə çağırışlarıdır.
Bu çağırışların davamı olaraq, bundan sonra atdığınız zibilləri də kalkulyatorla hesablamaq mümkün olacaq. Tullantıların daha effektiv idarəolunması sahəsində əhalinin maarifləndirilməsinə önəm verən ASC bu istiqamətdə növbəti uzunmüddətli maarifləndirmə proqramına start verib. Bu silsilə tədbirlərdən biri kimi, oktyabrın 23-də proqram çərçivəsində reallaşdırılan “Tullantı kalkulyatoru”nun təqdimatı keçirilib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov kalkulyatorun zərurətindən danışıb: “Proqramın məqsədi əhalinin ətraf mühitin mühafizəsi sahəsində biliklərini artırmaqla yanaşı, Yer kürəsində iqlim dəyişikliyinin qarşısının alınmasına yardımçı olmaqdır.
Hər il orta hesabla, hər bir insan öz çəkisinin 7 qatı həcmində zibil atır. Proqramın tərkib hissəsi olan “Tullantı kalkulyatoru” tullantıların ətraf mühitə nə cür təsir etdiyini öyrənmək, bu təsirə nəzarət etmək və onu müsbət tərəfə dəyişə bilmək üçün yardımçı olacaq. Kalkulyator imkan verəcək ki, vətəndaşlar, eləcə də müəssisələr ərzaq məhsullarını ağıllı istehlak etsin, ehtiyacı qədər sifariş etsin və ya hazırlasın.
“Tullantı kalkulyatoru” hər gün atdığımız tullantıların ətraf mühitə təsirinin qiymətləndirilməsində bizə kömək edəcək. Bununla da biz bu təsirə nəzarət edə biləcəyik”.
“Tullantı kalkulyatoru” layihəsini təqdim edən “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Oqtay Məmmədov bildirib ki, ASC-nin rəsmi saytında yerləşdirilmiş kalkulyator iki hissə - əhali və müəssisələr üzrə hesablanma aparılmasına imkan verir.
Belə ki, “Əhali” bölümündə istilik effekti yaradan qazları ölçmək üçün ailə üzvlərinin sayı seçilir: “Burada gün ərzində əmələ gələn tullantı miqdarını qeyd edə bilərsiniz. Aparılan araşdırmalar göstərir ki, gün ərzində bir insan 1 kq tullantı əmələ gətirir. Əgər siz gün ərzində əmələ gətirdiyiniz məişət tullantısının miqdarını bilmirsinizsə, müvafiq bölmədən 0,90 kq/gün seçirsiniz, beləliklə, istilik effekti yaradan qaz miqdarınız 294 (kgCO2/il) olacaq.
Kalkulyatorun daha böyük imkanları var. Burada qrafikə uyğun olaraq, mövsümlər üzrə tullantıların hesablanması, karbon emissiyasının yaranma həddinin müəyyənləşdirilməsi də mümkündür. Zibilin tərkibini istifadə etdiyiniz mal və məhsullara uyğun olaraq dəyişə bilərsiniz. Güman edirik ki, bizim “yaşıl həyat” tərzimiz başqaları üçün örnək olacaq”.
Həqiqət İSABALAYEVA
23/10/12 Çap et